Azərbaycan Yüksək Liqasında bürünc medal uğrunda oyunun favoriti yoxdur.
Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında kişi voleybolçulardan ibarət "Murov Az Terminal"ın baş məşqçisi Ruslan Jbankov deyib.
O, üçüncü yer uğrunda keçiriləcək "Neftçi" ilə matç öncəsi fikirlərini bölüşüb:
"Fikrimcə, bürünc medal uğrunda oyunda favorit ola bilməz. Niyə? Çünki həm biz, həm də "Neftçi" medal qazanmağı çox istəyirik. Heyətində müəyyən problemlər olmasına baxmayaraq, "Neftçi" çox yaxşı voleybol nümayiş etdirir. Onların oyunçuları maksimum dərəcədə motivasiyalı, aqressiv və müsbət mənada qəzəblidirlər. Mənə elə gəlir ki, komandamız eyni dərəcədə aqressiv və motivasiyalı voleybol oynaya bilsə, çox maraqlı mübarizə alınacaq. Burada həm komandanın, həm də konkret oyunçuların xarakteri böyük rol oynayacaq".
R.Jbankov yarımfinalda "Xilasedici"yə məğlubiyyətin səbəblərini açıqlayıb:
"Texniki tərəfdən danışsaq, biz ilk növbədə rəqibin ötürmələri ilə bacarmadıq. Yəni onlar bizi top qəbulunda sıradan çıxara bildilər. Bu da o deməkdir ki, toppaylayıcılarımız kombinasiyalı voleybol nümayiş etdirə bilmədilər. Kifayət qədər güclü və aqressiv ötürmələrimiz olmadı. Belədə rəqibi bloklamaq, müdafiədə oynamaq çətinləşir. Yəni ötürmə və qəbul elementlərində uduzduq. Mənə elə gəlir ki, komandamız psixoloji olaraq güclü rəqibi məğlub etmək üçün lazımi səviyyədə oynamadı. Heyətimizdə güclü və təcrübəli oyunçular olsa da, təəssüf ki, bu matçlarda istənilən səviyyədə voleybol göstərmədilər. Səhvlər üzərində, əlbəttə ki, işləyəcəyik".
O, voleybolçuların fiziki durumuna da toxunub:
"Prinsipcə, onların hamısı peşəkardır. Ümid edirəm ki, həm öz oyunlarını, həm də bütövlükdə komandanın oyununu təhlil edib səhvlər üzərində işləyiblər. Zədəli və ya yorğun oyunçulara gəlincə, elə bir komanda yoxdur ki, orada oyunçuları mövsüm boyu təqib edən mikrozədələr olmasın. Bizdə də var, "Neftçi"də də var. Təbii ki, mövsümün sonudur və bütün oyunçular yorğundur. Ağır, yaxşı çempionat oldu, amma son oyun üçün toparlanmaq lazımdır".
Baş məşqçi həlledici qarşılaşmada azarkeş amilinin əhəmiyyətini vurğulayıb:
"Əlbəttə ki, azarkeşlər önündə, xüsusən də öz azarkeşlərin qarşısında oynamaq son dərəcədə vacibdir. Çünki əslində bütün oyunçular və komandalar ilk növbədə özləri üçün deyil, matça baxmağa gələn insanlar üçün oynayırlar. Bilirəm ki, bir çox azarkeşlər konkret oyunçulara baxmağa, onları dəstəkləməyə gəlirlər. Ona görə də bütün azarkeşləri gəlib komandamız üçün "can yandırmağ"a çağırıram. Azarkeş dəstəyi bizim üçün çox önəmlidir".
"Murov Az Terminal" aprelin 18-də bürünc medal uğrunda görüşdə "Neftçi" ilə üz-üzə gələcək.

