"UEFA nümayəndələri "püşkdə sizə Azərbaycan çıxacaq" deyirdi" - ŞENOL GÜNƏŞ

11 Yanvar 2020 17:44 Türkiyə 955
"UEFA nümayəndələri "püşkdə sizə Azərbaycan çıxacaq" deyirdi" - ŞENOL GÜNƏŞ

"Romaya gedib, yenidən Bakıya qayıtmaq bizə mənfi təsir edə bilər. Çünki iki səfər olacaq, asan deyil".

Sportinfo.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin baş məşqçisi Şenol Günəş deyib. "A Spor" telekanalında qonaq olan mütəxəssis növbəti dəfə AÇ-2020-nin qrup mərhələsinin iki oyununun Bakıya salınmasından danışıb:

"Bunu hər kəs gözləyirdi. Hətta UEFA nümayəndələri "püşkdə sizə Azərbaycan çıxacaq, ev sahibi olacaqsız" deyirdilər. Haqlı çıxdılar, elə də oldu. Bakıda qalacağımız, məşq edəcəyimiz yerlərə baxdım. Çox isti hava və yaxşı münasibət var idi. Oyunları keçirəcəyimiz meydançanı, yerli insanları gördüm. Onlar da çox sevinclidir. İnanırıq ki, stadion dolacaq, böyük coşqu olacaq".

Günəş oyun vaxtı Bakı Olimpiya Stadionunun tribunalarında əsl futbol ab-havası yaratmaq üçün özləri ilə Türkiyədən fəal azarkeşlər gətirə biləcəklərini istisna etməyib: "Təbii, təşkilatçılıq, Türkiyədən bəzi tribuna liderlərini aparıb, oradakı azarkeşləri idarə etmək da lazım ola bilər. Bakıda ardıcıl 2 oyun keçirəcəyik. Stadionda yaxşı atmosfer olmalıdır. Çünki həm Roma, həm də Bakıdakı arena olimpiya stadionu olduğundan, tribunalarla meydançanın arasında məsafə böyükdür".

Türkiyə İtaliya, Uels və İsveçrə ilə eyni qrupda yer alıb. “Ay-ulduzlular” Uels və İsveçrə ilə qarşılaşmaları Bakı Olimpiya Stadionunda oynayacaq.

Digər Xəbərlər
Xəbər Lenti