Azərbaycanlı məşqçi Tokio-2020-nin təşkilatçılarını "yıxıb-sürüdü"

19 İyul 2021 20:00 Tokio-2020 798
Azərbaycanlı məşqçi Tokio-2020-nin təşkilatçılarını "yıxıb-sürüdü"

"Bu, XXI əsrin Yaponiyası deyil. Olimpiya kəndi isə orta əsrlər dövründən qalıb, sanki" - bu açıqlamanı qılıncoynatma üzrə Rusiya yığmasının azərbaycanlı baş məşqçisi, olimpiya çempionu İlqar Məmmədov verib.

Sportinfo.az-ın məlumatına görə, bakılı məşqçi bu gün məskunlaşdıqları Tokio Olimpiya kəndindəki şərait haqqında tənqidi fikirlər söyləyib.

Çempion olduğu Seul-88-dən başlayaraq idmançı və məşqçi kimi ardıcıl 9-cu Olimpiadada iştirak etdiyini vurğulayan İlqar Məmmədov ilk dəfə belə bərbad təşkilatçılıqla üzləşdiyini bildirib:

"İştirak etdiyim 9 olimpiadanın heç birində belə şey görməmişəm. Otaqların içində gips-karton matrealdan olan divarabənzər bir şey çəkiblər.

Mən hətta bilmirəm ki, otağımızda ümumiyyətlə, pəncərə var, ya yox. Sanitar qovşağı təyyarədə olduğu kimidir: təxminən yarım kvadrat metr.

Özü də bu, bütün komanda üçün nəzərdə tutulub. Təsəvvür edin, o qədər insan oradan necə istifadə edəcək... Tualet qapısı önündə əməlli növbə yaranacaq, bu isə xoşagələn deyil.

Otaqda internetdən istifadə, bax, bu əsil tapmacadır. Heç bir təlimat-filan yazılmayıb. Yataqdan isə ümumiyyətlə, danışmağa dəyməz. Sadəcə, biabırçılıq... Özümə görə yox, sabah nəticə tələb edəcəyimiz idmançılarıma görə narahatam".

Qeyd edək ki, Tokio-2020-də qılıncoynatma yarışları iyulun 24-dən start götürəcək.

SPORTİNFO.AZ

Xəbər Lenti