"Qarabağ" təcrübəsi "Sabah"a lazım olmadı - "Beşiktaş"la oyun üçün

4 May 2023 17:00 Sabah 1 733
"Qarabağ" təcrübəsi "Sabah"a lazım olmadı - "Beşiktaş"la oyun üçün

"Qalatasaray"ın ardınca "Beşiktaş" da Azərbaycana gəlməyə hazırlaşır.

"Qara qartallar" "Sabah"la xeyriyyə matçı keçirəcək.

Gənc komanda olan "tələbələr" üçün İstanbul nəhəngi ilə matç ilk böyük təcrübə kimi qiymətləndirilə bilər.

İlk dəfə bu mövsüm avrokuboklara vəsiqə qazanan komandamızın Avropa klubları ilə oynamaq təcrübəsi toplanışlardakı yoxlama oyunlarından o tərəfə keçmir.

Onda da adətən orta səviyyəli klublar sınqaçı rəqib olublar.

Maraqlıdır, belədə baş məşqçi Murad Musayev güclü rəqiblə oyuna daha yaxşı hazırlaşmaq üçün digər klublarımızdan köməyə futbolçu çağırmağı düşünürmü?

Məsələn, "Qalatasaray"la oyun üçün ağdamlıların çalışdırıcısı Qurban Qurbanov bu addımı atmışdı.

Sorğumuza cavab olaraq "Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmdiov bunları dedi:

"Beşiktaş”la oyun üçün başqa klublardan oyunçu götürməklə bağlı hər hansı planımız yoxdur. Hazırda demək olar bütün futbolçular sıradadır. Yəni heyətdə hər hansı çatışmazlıq yoxdur.

“Qarabağ”ın “Qalatarsaray”la matçı milli komandaların oyunları olan aralıqda keçirilmişdi. Ağdam təmsilçisi bu addımı atanda oyunçularının əksəriyyəti müxtəlif milli komandaların heyətində idi. Bundan əlavə, bildiyim qədər heyətdə bir neçə zədəli futbolçu da var idi.

Ancaq hazırda milli komandaların oyunları keçirilmir. Milli üzvləri də daxil olmaqla bütün futbolçularımız sıradadır".

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Sabah" - "Beşiktaş" yoxlama oyunu 13 may, saat 18:00-da start götürəcək.

Qarşılaşmadan əldə olunan bütün gəlirlər Türkiyədə baş vermiş dəhşətli zəlzələdən əziyyət çəkmiş insanlara yardım üçün göndəriləcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti