"Səhvlərimiz barədə bizə məlumat verəcəklər"

5 May 2023 09:40 Sabah 450
"Səhvlərimiz barədə bizə məlumat verəcəklər"

"Sabah"ın kapitanı Elvin Camalov Sportinfo.az-a açıqlama verib.

Təcrübəli futbolçu ilk öncə Premyer Liqanın 32-ci turunda 1:0 hesablı qələbə qazandıqları "Şamaxı" ilə oyun barədə danışıb:

"Çətin oyun oldu. Rəqib arxa xətdə inamlı təsir bağışlayırdı.

İlk hissədə bir çox fürsətimiz olsa da, yalnız birindən istifadə edə bildik.

Lakin əsas odur ki, bu görüşdən qalib ayrılmağı bacardıq. Bu matçdan 3 xalla ayrıldığımıza görə şadam".

Masazır təmsilçisi "Şirlər"lə oyuna yaxşı başladı və erkən qol vurmağı da bacardı. Düşünmək olardı ki, ardınca növbəti qollar gələcək.

Amma əksinə, "tələbələr" 7-ci dəqiqədə Aleksey Kaşukun vurduğu qoldan sonra passiv nəzərə çarpdılar.

Xüsuslə ikinci yarı üstünlük qonaqlarda oldu. Maraqlıdır, ilk dəqiqələrdəki təzyiqin, erkən qolun davamın gətirməyə nə mane oldu?

Camalovu dinləyək: "Rəqib arxa xətdə diqqətli oynayırdı. Biz isə əldə etdiyimiz fürsətlərin çoxunu dəyərləndirə bilmədik.

Bu, futboldur. Bəzən 90 dəqiqəni eyni tempdə keçirmək olmur. Artıq bu matç geridə qalıb.

Məşqçilərimiz bu oyundakı səhvlərimiz barədə bizə məlumat verəcək. Bunun əsasında növbəti oyunlarımıza hazırlaşacağıq".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti