Murad Musayev yenə öz «amplua»sındadır.
Adam rəsmən Ginnesin Rekordlar Kitabına düşmək istəyir.
Bir mövsüm ərzində ondan çox qırmızı vərəqə alan ikinci baş məşqçi varmı, mənə də maraqlıdır.
Açığı, inanmıram. Ötən ilin payızından bəri «Sabah»ın sükanı arxasında əyləşmiş rusiyalı nədənsə həqiqətlə barışa, emosiyalarını boğa bilmir.
Elə tur olmur ki, aqressiyası ilə diqqət mərkəzində yer almasın.
Axı o, gələn ərəfədən görürdü ki, burada hakimliyin səviyyəsi çox aşağıdır.
Əyninə qara, yaxud sarı forma geyinmiş, kitab üzrə getsək, «ədalət təmsilçisi» adlandırdığımız bu referi və laynsmanların əksəriyyəti son 5-6 ildə üzə çıxanlardır.
Onlar Fritz Stuxlikin «məktəb»ini keçiblər, ondan «dərs» alıblar.
Mavi gecə həvəskarı olmasıyla bilinnən avstriyalı keçmiş komitə sədrinin təlimatlarını dinləmiş hakimlərdən Murad Musayev nə gözləyir ki?
Səhvlər var, çoxdur və yenə olacaq. Nə qədər ki Stuxlik «məktəb»inin tələbələri kənara alınmayacaq, Premyer Liqa «dəlixana»ya bənzəyəcək.
Buna görə hər həftə əsəbiləşməyə, cinləri təpədə oynatmağa dəyməz axı. Eyni problemi digər məşqçilər də yaşayır, nə ersinlər ta!
Su ki girdi qaba, oldu içməli. Birtəhər yola vermək gərək.
Ta Stuxlikin «bulağından su içənlər» bu sahədən qovulanadək!
ELXAN

