“Qarabağ” cari mövsümdə Premyer Liqada ilk məğlubiyyətini aldı.
Çempionatın startından bu yana keçirdiyi 30 oyunda 24 qələbə qazanıb, 5 heç-heçə edən son çempion yubiley turunda “Sabah”a boyun əydi – 2:1.
“Tələbələr”in qalibiyyəti təsadüfi sayılmamalıdır. Cari mövsümdə komandalar arasında buna qədər baş tutan 3 matçda 2 heç-heçə qeydə alınmış, digərində Murad Musayevin yetirmələri son saniyə qoluyla uduzmuşdu.
Odur ki, “Sabah”ın “Qarabağ”ı udacağı gün uzaqda deyildi.
Komandasının vacib fiqurlarından olan serbiyalı müdafiəçi Boyan Letiç Sportinfo.az-a açıqlamasında Masazır təmsilçisinin çempionluğa əsas namizəd rəqibi məğlub etmələrinin sirrini açıqlayıb:
“Biz hər oyuna qələbə üçün çıxırıq. Bu dəfə də istisna deyildi.
Düşünürəm ki, “Qarabağ”la oyunda 3 xalı istək, iradə və motivasiya sayəsində əldə etdik”.
“Tələbələr” qalib gəlməklə lider “Qarabağ”la xal fərqini 9-a endirməyə nail oldu.
Maraqlıdır, bu, çempionluq mübarizəsinə qoşulmaq üçün yaxşı imkan sayıla bilər? Qarşıdakı 6 matçda aradakı xal fərqini azaltmaq mümkündür?:
“Qarabağ” çox yaxşı komandaya malikdir. Etiraf edək ki, fərq az deyil. Amma biz turnir cədvəli yox, hər növbəti oyunumuz barədə düşünürük.
Çempionatı neçənci sırada bitirməyimizi mövsümün sonunda görəcəyik. Hələ qarşıda 6 tur var”.
Boyan Letiç cari Premyer Liqa mövsümündə meydana çıxdığı 29 görüşdə 5 məhsuldar ötürmə ilə yadda qalıb.
HƏBİB

