«Səbail»in Premyer Liqada qalmaq ümidi hər ötən həftə bir qədər də azalır.
Dünən bu ümid hasarından növbəti daş düşdü.
Zirədə eyniadlı komandaya uduzdular. İkinci hissədə ardıcıl üç qol vuran ev sahibləri rahat qələbə qazandılar.
«Futbol xəyanəti sevmir» - «Səbail»in baş məşqçisi Şahin Diniyev matçdan sonra medianın önündə belə bir açıqlama verdi.
Çox yanlış yapdı. Hər halda mənə belə gəlir.
Hə, Diniyevi daha yaxından tanıyanlar deyə bilər ki, o, qəsdən bu sözləri dilinə gətirib, dili təsadüfən ağzında sürüşməyib. Bu da mümkün variantlardan biridir, istisna etmirəm.
Day nə deyəsən, «Səbail»ə başqa düşmən lazım deyil, Şahin Diniyev işin başındadır.
Komandasının məğlubiyyətlərdən sarsıntı keçirdiyi, özünün də iddia etdiyi kimi, hər oyuna qorxa-qorxa çıxdığı bir vaxtda xəyanət söhbətini ortaya atan baş məşqçinin təcrübəsinə, peşəkarlığına bir «quş»!
«Səbail»in başında futbolu bilən normal kadrlar dayansaydı, belə açıqlamalar verən şəxsi o dəqiqə görəvdən alar, üzünə də baxmazdı.
Təəssüf ki, bu klubda Fərəc Əliyev kimi naşı, yalnız öz maraqlarını güdən, kreslodan dördəlli yapışan idarəçilər çalışır.
Şahin Diniyev yaxşı bilir ki, «Səbail»i I Diviziona düşürsə, onu nə gözləyir. Bilir nədir, çox gözəl bilir. Odur ki, indidən məsuliyyəti bölüşməyə, daha doğrusu, təqsiri «yükləməyə» «qurbanlıq quzular» axtarır.
Xəyanət söhbəti ilə futbolçuları dilə-dişə salır, onu vəzifəyə gətirmiş havadarlarının qarşısında sudan quru çıxmaq məqsədi güdür.
MUSA

