Bizə kim lazımdır - Haqqı özünəməxsus tərzdə deyən “çılğın”, ya uğursuz “susqun”?

11 Aprel 2023 19:00 Sabah 949
Bizə kim lazımdır - Haqqı özünəməxsus tərzdə deyən “çılğın”, ya uğursuz “susqun”?

“Doğru söyleyeni dokuz köyden kovarlar”.

Anadolu türklərində belə bir deyim var. Yəni “düz danışan insanı doqquz kənddən qovarlar”.

“Sabah”ın baş məşqçisi Murad Musayevi hələ ki 9 dəfə oyundan qovmayıblar.

Amma gedişat onu göstərir ki, son illərdə ölkəmizə gəlmiş tək-tük səviyyəli əcnəbi mütəxəsssislərdən olan rusiyalı məşqçinin elə 9 dəfə oyundan qovulmaq ehtimalı da var. Nə qədər ki doğrunu söyləyir...

Son günlər ölkənin futbol sferasında Musayevin çılğınlığı, etirazları barədə çox müzakirələr olub. Amma çox az insan bu çılğınlığın əsl səbəbini öyrənməyə, problemin dərinliyinə enməyə cəhd edib.

Məsələn, çox az insan Musayevin mətbuat konfranslarında bir neçə dəfə səsləndirdiyi

“Mən etiraz edirəm, əvəzində qırmızı vərəqə alıram, cərimə olunuram. Amma hakim səhv edir, növbəti turda yenə təyinat alır” fikirləri üzərində ciddi-ciddi düşünüb.

Bəs Musayev haqlıdırmı? Əlbəttə, bəli. Çünki cəzasızlıq rahatlığa sövq edir, rahatlıq isə özü ilə yeni səhvləri gətirir.

Kənardan “Musayev çılğındı, məğlubiyyəti həzm edə bilmir” fikirlərini səsləndirmək rahatdı.

Ancaq komandanın həftəlik tsikl ərzində çəkdiyi əziyyətin qərəzdən və ya səhv etmək mərəzindən yerə vurulmasının acısını baş məşqçidən yaxşı heç kim bilə bilməz.

Bu gün biz ölkənin ən uğurlu əcnəbi məşqçisini haqqı dediyinə görə tənqid edirik.

Bəli, etiraz etdiyi məsələyə yox, məhz onun çılğınlığına köklənməklə bir növ hakim haqsızlığına, bəlkə də qərəzinə haqq qazandırırıq.

Bununla da ya doğru söyləyəni qovanlara dəstək vermiş oluruq, ya da buna səssiz qalmaqla rəvac yaradırıq.

Musayev son illərdə ölkəyə gəlmiş ən uğurlu əcnəbi mütəxəssislərdən biridir. Əlbəttə, o buna tək nail olmayıb.

Bunda ona uğur qazanmaq üçün lazımi şəraiti yaradan klubun da böyük rolu var.

Amma özbək əsilli mütəxəssis cari mövsümdə büdcə baxımından geri qaldığı bir rəqibini aşkar üstələyib, son illərdə Azərbaycan klub futboluna yön verən “Qarabağ” kimi hegemon klubla da başa-baş mübarizə aparıb.

Musayevə yaradılmış şərait yaxşıdı. Lakin Azərbaycanda nə çox olub, klubun yaratdığı şəraiti, xərclədiyi pulları havaya sovurub, sonda heç nə olmamış kimi səssiz qeybə çəkilən əcnəbilər...

Gəlin qərar verək. Bizə kim lazımdır? Haqqı özünəməxsus tərzdə dilə gətirən “çılğın”, yoxsa uğursuz “susqun”?

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti