2017-ci ildə yaradılan «Sabah» bir ilkə imza atdı.
Premyer Liqanın üç medalından birini qarantiya altına aldılar.
Minimum gümüş medal qazanacaqlar.
Avrokuboklarda debüt edəcəklər. Konfrans Liqası «Sabah»ın yolunu gözləyir. «Qəbələ» ilə qarşılaşmada iki məqsədə birdən çatdılar.
Amma…
Murad Musayev komandasının oyunu ilə öyünə bilməz və öyünməməlidir. O günlər arxada qalıb.
İstərdim rusiyalı baş məşqçi çıxsın və desin ki, niyə «Sabah» qış fasiləsindən əvvəlki futbolu ilə gündəmə gəlmir.
Fikrimcə, bu sualın cavabı Musayevə məlumdur. Amma demir. Yəqin ki, mövsümün sonunu gözləyir və çempionat başa çatandan sonra əsl gerçəyi söyləyəcək.
Yox, onda da media önünə keçib, çatışmazlıqları sadalamayacaq.
Yayın ilk ayında «təmizlik işləri» görəcək və biz buradan biləcəyik ki, Murad Musayev nədən, kim(lər)dən narahat imiş. Var, bir neçəsi var. «Sabah» məhz onlara görə sabitlik tapmır.
Böhrana səbəb olan fərdləri müdafiə xəttində axtarmalıyıq. «Sabah» asan qollar buraxır və belə səhvlərin sayı get-gedə artmaqdadır.
«Qəbələ» üzərində qələbəni təsadüfi qazandılar. Səlahət Ağayev bu işdə ev sahiblərinə çox «kömək oldu».
Bir məqamı da ümtləq qeyd edəcəm. Murad Musayev günlərin birində «əsəb imtahanı»ndan kəçiləcək.
Çempionatın ən güclü üç komandasından birinin baş məşqçisi 5 sarı vərəqə almamalıdır.
Dəqiqəbaşı özündən çıxan çalışdırıcı səbrlərinə tumar çəkməlidir, hirsini cilovlamalıdır, əks halda, futbolçularından nizam-intizam tələb etməyə mənəvi haqqı qalmayacaq.
KAMİL

