"İtirəcəyimiz nəsə yoxdur, bu heyətlə bu yerdə olmaq heç xoş deyil"

24 Mart 2021 14:00 Sabah 1 544
"İtirəcəyimiz nəsə yoxdur, bu heyətlə bu yerdə olmaq heç xoş deyil"

“Sabah” bir həftə əvvəl baş məşqçi Visento Qomeslə yolları ayırdı.

Sportinfo.az xəbər verir ki, ötən ilin yayından komandanın uğurları üçün çalışan ispan mütəxəssis sıralanan uğursuz oyunlardan sonra yola salındı.

Baş məşqçi səlahiyyətləri isə müvəqqəti Ramin Quliyevə həvalə edildi. Premyer Liqanın 20-ci turunda keçirilən “Qarabağ”la oyuna (0:2) komandanı məhz Quliyev çıxardı.

Düzdür, turnir cədvəli baxımından komandanın müəyyən qədər yüksək yerlər uğrunda mübarizə aparmaq şansı var, amma oyun cəhətdən bunu deyə bilmərik.

Qomesin gedişindən sonra baş məşqçi səlahiyyətlərini yerinə yetirən Ramin Quliyevlə təyinatı, “Sabah”ın durumu, planları barədə danışdıq.

- Visente Qomes ayrılandan sonra komanda sizə tapşırıldı. Təyinatınız necə reallaşdı?
- Gözlənilmədən baş məşqçimiz istefaya göndərildi. Klubun içində olduğuma, komandanı tanıdığıma görə birlikdə qərar verdik ki, indiki vəziyyətdə mən rəhbərlik edim. Baş məşqçinin istefasından sonra vaxt itirmədən, birlikdə verilən qərar oldu. Komandada müvəqqəti baş məşqçi kimi çalışmaq qərarına gəldim.

- "Sabah" uzun müddətdi uğursuz nəticələr göstərsə də, baş məşqçi çempionatın ən gərgin və vacib hissəsində istefaya göndərildi. Qərarın məhz bu məqamda verilməsinə səbəb nə oldu?
- Kubokda, "Kəpəz"lə oyundakı uğursuzluqdan sonra çempionatda da ardıcıl məğlubiyyətlər davam etdi, "Səbail"ə uduzduq. Klub bu istefa üçün mövsümün sonunu gözləyə bilərdi. Lakin qəfil belə qərar verildi. Bunlar incə məsələlərdi, klubdaxili sirr olduğu üçün çox danışa bilmirəm.

- Bu dəyişiklikdən sonra komandada vəziyyət, ab-hava necədi?
- Visente Qomesin rəhbərliyi altında uğursuz nəticələr oldu, amma bunu, sadəcə, onun üzərinə yükləmək də doğru olmaz. Bu nəticələrdə futbolçuların, komandada, klubda olan hər kəsin məsuliyyəti var. Uğursuzluq varsa, bu, ümumilikdə "Sabah"ın adına yazılır. Bizdə belə şey var, gedən məşqçinin arxasınca rahat danışılır. Amma komanda bu heyətlə turnir cədvəlində 8-ci yerdədisə, bu tək Qomesin uğursuzluğu deyil. İndi də bunu geridə qoymaq lazımdı. Hamı bunun fərqindədi.

- "Sabah"da əvvəl məşqçi, daha sonra idman direktoru kimi çalışmısız, uzun müddətdi burdasız. Komandada olan problemləri müəyyənləşdirə bilmisiz?
- Qomesə klub tərəfindən hər cür şərait yaradılmışdı, istədiyi hər şey vardı. Sadəcə, bu futboldu, təəssüf ki, belə hallar da olur. Bütün işləri doğru da etsən, sonda hər şey qələbələrdən asılı olur. Bu mənada komandanın həm nəticə, həm psixoloji baxımdam "qara zolaqda olduğunu” deyə bilərik. Bayaq da vurğuladım, axtarsaq, hər kəsin səhvi var. Hazırda bunun üzərində işləməliyik, uğursuz dövrü geridə qoymağa çalışmalıyıq.

- Komandaya yeni baş məşqçi təyin olunmusuz, bəlkə də bu suala cavab vermək sizin üçün hələ tezdi. Amma maraqlıdı, "Sabah"ın nəyə ehtiyacı var? Planlarınız bəllidi?
- Baş məşqçi təyin olunmamış da komandanın içindəydim, məşqlərdə iştirak edirdim. Amma indi fərqli yanaşma lazımdı. Komandanın nəyə ehtiyacının olduğunu bir müddət sonra daha yaxşı biləcəm. İndi səsləndirəcəyim istənilən fikir gedən baş məşqçinin işi barədə danışmaq kimi olacaq. Bu gün komanda ilə ikinci məşqə çıxdım, ilk məşqim "Qarabağ"la oyundan əvvəl oldu. Hər məşq, oyun bizim üçün vacibdi. Dəyişməli olduğumuz nüanslar var, bunları bilirik. Amma həmin nüansları müəyyənləşdirmək, komanda olaraq buna çalışmaq lazımdı. Çalışacağıq ki, mövcud vəziyyətdə nələrisə dəyişək. Ən vacibi də psixoloji cəhətdən yanaşmamızı.

- Ümumilikdə cari mövsümü, rəqabəti necə dəyərləndirirsiz?
- Cari çempionatda komandalar arasında fərqli rəqabət, mübarizə var. Hər komanda digərindən xal almağl bacarır. Bu mövsümü maraqlı edən də elə budu. Çempionatda sabit komanda yoxdu. Sözsüz, "Qarabağ" və "Neftçi" yüksək yerlər uğrunda mübarizə aparır. Qalan komandalarda isə sabitlik, davamlı uğurlu nəticələr yoxdu. Düşünürəm ki, çempionatın qalan 8 turu daha maraqlı olacaq. Rəqabət, aqressivlik daha da artacaq. Artıq çempionatda son mərhələyə keçmişik. Biz də sonuncu yerdəyik, itirəcəyimiz nəsə yoxdu. Bu heyətlə bu yerdə olmaq heç xoş deyil.

- Komanda ilə cəmi bir oyuna çıxdız və çempionatda fasilə yarandı. Necə düşünürsüz, bu fasilə komandaya və işinizə necə təsir göstərəcək?
- Fasilənin müsbət, yaxud mənfi təsirini oyunlarda daha yaxşı görəcəyik. Nə qədər pozitiv də danışsaq, əsas sözü vaxt və nəticələr deyəcək. Komandanı "Qarabağ"la oyundan əvvəl götürmüşdük, cəmi bir məşq keçdik. Sözsüz, elə rəqibə qarşı oyun bizim üçün çətin idi. Artıq indi yaranacaq 20-21 günlük fasilədə nələrisə dəyişməyə, ortaya qoymağa çalışacağıq. Növbəti turda "Qəbələ" ilə keçirəcəyimiz oyun komandada hansı işləri gördüyümüzü daha yaxşı üzə çıxaracaq. Həmin qarşılaşmaya qədər nəticə qazanmaq üçün dəyişikliklər etməliyik.

- Komandanın fasilə üçün planı bəllidi?
- Martın 28-də "Sumqayıt"la doğma meydanda yoxlama oyunu keçirəcəyik. Ona kimi isə ayın 21-i və ya 22-də əvəzedici heyətimizlə oyun keçirməyi planlaşdırırıq. Əvəzedicilərdən 8, əsas komandadan isə 6 futbolçumuz yığmalardadı. Ona görə də müəyyən qədər oyunçu kasadlığımız var. Amma əvəzedici heyətlə bir oyun keçirmək istəyirik. "Sumqayıt"la qarşılaşmadan sonra isə "Qəbələ" ilə matça hazırlaşacağıq. Martın 29-da milli komandada olan futbolçularımız qayıdır.

- "Sabah"da əsas narahatlıq doğuran məsələlərdən biri də Ramil Şeydayevin vəziyyətidi. Milli üzvünün durumu ilə bağlı nə deyə bilərsiz?
- Milli komandanın toplanışına qədər Şeydayevlə çox danışığımız oldu. Hiss olunur ki, bu futbolçuda özünəinam problemi yaranıb. Şeydayev kimi Azərbaycan futbolunda ümid bəslənilən futbolçu oyunlarda az iştirak etdiyi, qol vura bilmədiyi üçün psixoloji cəhətdən düşüb, problem yaşayır. Şeydayev hücumçudu, oyunlara çıxmalı, qol vurmalıdı ki, belə eniş yaşamasın. Oyunlara çıxmamağın müəyyən səbəbləri vardı ki, bu, Qomeslə futbolçu arasında olub. Şeydayevlə bu baxımdan söhbətimiz olub. Mənə xoş olan Ramilin iki-üç gün ərzində toparlanıb, "Qarabağ"la oyunun ikinci hissəsində meydana çıxıb, fərqli bir yanaşma ortaya qoyması oldu. Bu gün biz ona inamı qaytarmalıyıq. Ramil Azərbaycan futbolunda keyfiyyətli, seçilən futbolçulardan biridi. Ona bu inamı qaytarandan sonra hər şey daha yaxşı olacaq. Son mətbuat konfransında da dedim, çalışacam ki, yaxın zamanda fərqli Şeydayev görək.

- Qarşıda milli komandanın oyunları var. Yığmaya dəvət alan futbolçular və bu matçlar barədə fikirləriniz maraqlıdı.
- Milli komandanın növbəti oyunları üçün geniş heyət hazırlandı. Sevindirici haldı ki, toplanışda bəzi gənc futbolçulara da yer verildi. Reallıq budu ki, baş məşqçi Portuqaliya ilə qarşılaşmada bir-iki gənc futbolçunun xidmətindən istifadə edə bilər. Qətərlə oyun isə De Byazinin heyəti daha yaxşı incələməsi, növbəti görüşlər üçün informasiya toplaması, fərqli futbolçulara şans verməsi baxımından sərfəli olacaq. Portuqaliya millisinin gücünü hər kəs bilir. Yığmanı çətin oyun gözləyir, amma milli komandada əhval-ruhiyyə fərqlənir, orda milli ruh olur. Bilirəm, milli səviyyəsində uğursuzluğumuz çox olub, amma yığmada nəyisə əvvəldən demək olmur. Hər şey bir-iki oyundan asılıdı, uzun marafon deyil. Ümid edək ki, millidən layiqli mübarizə və oyun görəcəyik (Futbol+).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti