"Hər bir futbolçu millidə oynamaq istəyər, mən də həmçinin".
Bu sözləri Sportinfo.az-a açıqlamasında Konqo yığmasına dəvət almasına münasibət bildirən "Sabah"ın hücumçusu Kevin Kubemba deyib.
27 yaşlı legioner Afrika Millətlər kuboku çərçivəsində Seneqal (martın 26-da) və Qvineya-Bisau ilə (martın 30-da) keçiriləcək oyunlar üçün ölkəsinin əsas komandasına çağırılıb.
Kubemba 2014-cü ildə Konqo millisində debüt edib. Sonuncu dəfə 2016-cı ildə yığmaya çağırılıb.
O, "özünü hazırda millidə oynamağa hazır sayırsanmı” sualını belə cavablandırıb:
"Yekun siyahı açıqlanmadığından, hələ nə isə demək tezdir. Bu, ilkin siyahıdır. Yekun siyahı bu yaxınlarda açıqlanacaq".
Kevin Kubemba ilk dəfə Azərbaycana 2018-ci ildə “Səbail” üçün gəlib. O, 2019-cu ildə “Sabah”a keçib.
Onun müqaviləsi “Sabah”la bu il başa çatacaq. “Sabah” hazırda Azərbaycan Premyer Liqasının sonuncusudur.

