Futbolçulardan soruşulacaqsa, sən kimə gərəksən?!

9 Mart 2021 19:00 Sabah 1 595
Futbolçulardan soruşulacaqsa, sən kimə gərəksən?!

"Sumqayıt" sabahının rahat nəfəs alması üçün ən yaxın səfərə - Masazıra iddialı yollanmışdı.

Ayxan Abbasovun son turlarda emosiyaları aşıb-daşır. Komandası start fitindən başsız-atlı kimi önə atılır.

Bu dəfə öz mübarizliyi ilə seçilən Əli Qurbani də yox idi. Cavid İmamverdiyev, Mehdi Şərifi kimi döyüşkənliyi olmayan, pressinqi sevməyən, bacarmayan futbolçularla bunu etmək nə qədər doğrudur?

Visente Qomes, deyəsən, bunu gözdən qaçırmamışdı: ilk 15-20 dəqiqədə hücum, təzyiq edən "Sumqayıt", qapılara zərbələr vuran "Sabah" olurdu.

Bu qədər güc sərf eləyib qol epizodları yaratmamaq sumqayıtlıları tez yorur, effekt vermirdi. Hesabın "Sabah" tərəfindən açılması da təsadüfi olmadı.

Təmkin Xəlilzadə təkbaşına reydləri ilə "Sumqayıt" müdafiəsini “girinc” etmişdi.

Fofana və Kubemba irəli xətdə onun kimi hərəkətli olsaydı, “Sabah” fasiləyə kimi 2-3 top vurardı. Hər 5-10 dəqiqədən bir hücumçular üçün ideal zonalar açılırdı.

"Sumqayıt" özü təklif etdiyi tempə heç 30 dəqiqə dözə bilmədi. Bu, zatən heyətdə olan ağır hərəkətli hücumameylli futbolçularla mümkün də deyildi.

İkinci yarıda sumqayıtlılar fərqli futbol oynadı. Topa nəzarət, mövqe hücumları... Artıq tələskənliyə yol verilmirdi. Belədə Rəhim Sadıqov nəfəs almağa başladı.

Baş məşqçinin Cabir Əmirlinin timsalında uğurlu əvəzetməsi öz sözünü dedi. Sol cinahdan hücum təşkil edən qonaqlar kitaba salına biləcək cavab topunu vurdu.

Sadıqovun Cabirin mükəmməl sıçrayışını bir o qədər ustalıqla görməsi, sonüncunun arxa dirəyə zərgər dəqiqliyi ilə asması və boş saxlanılmış Cəmaləddin Xocaniyazovun başla topu tora göndərməsi.

Ədalətli olmayan Azərbaycan futbolu adına Ramil Şeydayevin əvəzedicilərdə “qırmızı”dan sonra 90-cı dəqiqədə meydana buraxıb bir daha sındırılmasıdır.

İkinci komandaya göndəriləsi hücumçular varsa, o da Fofana, Kubemba kimi ayağı top tutmayan legionerlərdir.

İkinci hissənin ən yaxşılarından olan Veysəl Rzayevin əvəzlənməsi bir başqa faciədir.

Ayxan Abbasov heyət kasadlığından gileylənir, Samir Abasov kimi Messidən söz açır, bəzi klublar kimi (oxu "Zirə") bir gecəyə transfer etməyə pullarının olmamasından danışır, Visente Qomes isə iki heyətə bərabər futbolçularla sonuncu pillədədir.

Riad Rəfiyev də bir sabah-axşama milliləşmədən tutmuş Portuqaliyaya kimi futbolçu aparıb-gətirir, "Sumqayıt" da qonşu İran futbolçularının ümidinə qalır.

Məşqçilər gileylənsə də, ispan bir az da irəli gedib “futbolçulardan soruşun” desə də, matçın ədalətli nəticəsi elə heç-heçə idi.

Ay Visente Qomes, futbolçulardan soruşulacaqsa, sən kimə gərəksən?!

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti