"Bərabər səviyyədə oyun keçdi. İlk hissədə üstün tərəf biz idik. İkinci hissədə isə rəqib daha yaxşı oynadı və səhvimizdən istifadə edərək, hesabı bərabərləşdirdi. Fasilədən sonra top bizdə olmadı. Buna görə geri çəkilməli olduq".
Sportinfo.az xəbər verir ki, bunu “Sabah” komandasının baş məşqçisi Visente Qomes evdə "Sumqayıt"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIX tur matçından sonra mətbuat konfransında deyib.
50 yaşlı mütəxəssis bildirib ki, komandasının son oyunlarda psixoloji problemlərlə üzləşməsinin səbəbini onların özlərindən soruşmaq lazımdır: "Son 3 oyunda hesabı biz açsaq da, bunu qoruya bilmirik. İlk hissədə orta sahəyə daha yaxşı nəzarət edirdik və problem olmurdu. Buraxdığımız qoldan sonra isə burada tamamilə problemlər yaşandı. Fasilədə də futbolçulara bu barədə bəhs etmişdim". (Report)