2024/25 mövsümündə dünyada ən çox oyun keçirən futbolçuların siyahısına Yulian Alvarez başçılıq edir.
“Atletiko”nun (Madrid) argentinalı hücumçusu bu günə qədər 25-i La Liqada, 8-i avrokuboklarda, 6-sı İspaniya kubokunda olmaqla 39 matçın iştirakçısı olub.
Siyahıda ikinci yerdə Kosta-Rikadan olan Elias Aquilar (38 oyun), üçüncü yerdə “Liverpul”un kolumboyalı müdafiəçisi Luis Diazdır (36 oyun).
“Qarabağ”ın futbolçularının adları hansısa səbəbdən siyahıda yer almasa da, cari mövsümdə onların keçirdiyi oyun sayı heç də az deyil. Məsələn, Leandro Andrade kimi.
“Köhlən atlar”ın “15 nömrə”si yaydan bu yana Alvarez kimi 39 görüşdə meydanda olub. 24 dəfə Premyer Liqada şans qazanıb, 14 avrokubok qarşılaşmasında top dalınca qaçıb, 1 dəfə Azərbaycan kubokunda mübarizə aparıb.
Andrade Alvarezdən yalnız meydanda keçirilən dəqiqə və məhsuldarlıq göstəricilərində geri qalır.
“Sabah”la dueldən sonra Andradeyə bu barədə sual verəndə eşitdiklərinə inanmadı. Yalnız ünlü “transfermarkt” saytındakı statistikanı göstərəndən sonra bir qədər fikrə getdi və gülərüz halda bunları söylədi:
“Nə gizlədim, bu mövsümdə keçirdiyim oyun sayından xəbərsizəm. İndi sizdən eşidirəm (sevincini gizlətmir).
Dünyada ən çox oyun keçirənlərdən biriyəm? Həqiqətən?
Bunu öyrənməkdən məmnun oldum. Siyahıda adları olan böyük futbolçularla eyni sırada dayanmaq çox xoşdur.
Hər bir futbolçu daha çox oynamağı, qol vurmağı, assist etməyi arzulayır.
Bunları bacarmaq üçün zədələnməməli, yaxşı fiziki göstəricilərə malik olmalısan. Sevinirəm ki, “Qarabağ”ın heyətində bunu bacarıram”.
25 yaşlı yarımmüdafiəçi 2024/25 mövsümündə meydana çıxdığı 39 görüşdə 11 qol vurub, 8 məhsuldar ötürmə ilə yadda qalıb.
HƏBİB / SPORTİNFO.AZ

