«Qarabağ»ın bu mövsüm Premyer Liqada xal itirdiyi oyunların sayı 6-ya çatdı.
Məğlubiyyət və heç-heçə qrafasında rəqəmlər artıq 3-ü göstərir.
«Sabah»la qarşılaşan «Qarabağ»ın heyətində Kadi Borges ilk dəfə əsas heyətdə yer aldı. Braziliyalı vinger ötən iki matçdan fərqli olaraq, ciddi nəsə etmədi, əlahiddə oyun göstərmədi.
Göründü ki, artıq çəkidən əziyyət çəkir və bundan xilas olması, ideal formaya düşməsi üçün ona 2-3 həftə lazımdır.
Abdullah Zubir 17-ci dəqiqədə hesabı açınca, «Qarabağ»da arxayınlıq yarandı. «Sabah»ın fasilənin elan edilməsinə 10 dəqiqə qalmış status-kvonu bərpa etməsi də ev sahiblərini üşütmədi.
Bir tərəfdən qar və soyuğun şiddətlənməsi, o tərəfdən də «Sabah»ın aktivləşməsi «Qarabağ»ın topa nəzarət faizini aşağı saldı.
Rəqibin üzərinə getdilər, ancaq bu, gözlənilən səviyyədə olmadı.
Qurban Qurbanov 79-cu dəqiqədə «Sabah»ın iki sabiq yarımmüdafiəçisini - Aleksey İsayevlə Aleksey Kaşuku meydana buraxdı, həmlə yenə tutmadı. «Qarabağ»ın oyununda dönüş baş vermədi.
Qurbanov sonluqla razılaşdı. O, hələlik futbolçularını gözdən keçirir, götür-qoy edir. Yayda 8-9 nəfərin müqaviləsi başa çatacaq. Ehtimal güclüdür ki, onların əksəriyyəti ilə kontrakt uzadılmayacaq.
Gördüz, Qurbanov oyun ərzində hansısa epizoda, səhvə ciddi reaksiya vermədi, səbr və təmkinlə izlədi.
Baş məşqçiyə belə oyunlar ondan ötrü çox vacibdir: əmin olsun ki, kimlərlə vidalaşsa, bu, «Qarabağ»ın xeyrinə işləyəcək.
«Qara siyahı»sı böyük ölçüdə artıq hazırdır. Mövsümün bitməsini gözləyir, sadəcə.
MUSA

