Son illər ölkə xaricinə gedən futbolçularımızın adı daha çox "Qarabağ"la bağlıdır.
Buna Mahir Emreli, Musa Qurbanlı, Ramil Şeydayev, Rahil Məmmədov, Şahruddin Məhəmmədəliyev kimi misallar çəkə bilərik.
Tez-tez eşidirik ki, bu tendensiya "Qarabağ"ın avrokuboklardakı uğurlu çıxışına görədir.
Təbii ki, çoxluğun Ağdam təmsilçisi ilə bağlı olmasında bu komandanın son illərdəki uğurlarının rolu böyükdür.
Bəs ölkə xaricinə futbolçu yollamaq üçün klublarımızın avrokuboklarda uğurlu olması mütləqdirmi?
Təbii ki, yox.
Buna əyani misallar çəkərək sübuta yetirmək olar.
Bolqarstan "Arda"sına gedən Cəlal Hüseynov ölkəmizdəki son mövsümünü "Şamaxı"da keçirmişdi. Həmin "Şamaxı" ki sezonun sonu liqada sonuncu pilləni tutaraq aşağı liqaya yuvarlanmışdı.
Vüsal İsgəndərli ötən mövsüm "Sumqayıt"la yüksək liqada qalmaq hədəfi uğurunda mübarizə aparırdı. Və mövsümün sonu "kimyaçılar"ı Albaniya "Eqnatiya"sına dəyişdi. Oradan isə təzminat haqqı ödəyən Türkiyə təmsilçisi "Boluspor" onu heyətinə qata bildi.
Namiq Ələsgərov "Neftçi"ni "Bursaspor"a dəyişəndə də "ağ qaralar"ın Avropa arenasında hansısa ciddi uğuru olmamışdı.
Türkiyədə legioner həyatı yaşayan digər futbolçularımızın keçidində limitin aradan götürülməsi əsas rol oynadığı üçün adlarını siyahıya əlavə etməmişəm.
Bura çox sayda legioner futbolçu da əlavə edə bilərik ki, məhz digər klublarımızda göstərdikləri oyunla əcnəbi klublara keçə biliblər.
Burada əsas amil menecer bacarığıdır. Təqdimatdan, danışıqlardan heç də az şey asılı deyil.
Və ya legioner həyatı yaşamaq üçün mütləq "Qarabağ"da oynamaq tezisi də kökündən yanlışdır.
Avrokuboklarda uğursuz olan "Qarabağ" nümunəsini yaxın buraxmır. Gah klubun təcrübəsin, gah büdcəsin, gah da heyətini gözə soxur.
Sanki əksəriyyət öz bacarıqsızlığını və ya ortada olan dərin problemləri gətirib "Qarabağ"a calamağa çalışır. "Köhlən atlar"da guya problem yoxdur? Nöqsanlardan uzaqdır? Təbii ki, yox. Avropadakı yeganə uğurlu təmsilçimizin də inkişaf etdirməli, aradan qaldırmalı axsaqlıqları var. Amma bu komandada çalışan rəsmilər, məşqçilər koprusu, futbolçular danışmaq, şikayət etmək yox, iş görmək yolunu seçib. Və illərdi proses bu şəkildə irəli aparılır.
Yaxşı olardı ki, digər klublarımız, onun rəhbər və işçi heyəti də fikrini öz problemləri ilə məşğul olmağa yönəldərdi. Demirəm ki, hər şeyi 100% həll etsinlər. Amma nəyisə mütləq həll etsinlər. Daha hər fürsətdə "Bunun üçün "Qarabağ" olmaq lazımdır" devizini əldə bayraq etmək cılızlıq əlamətidir.
O məntiqlə gərək "Qarabağ" da hər il gözləntilərə qarşılıq olaraq qarşılaşdıqları rəqiblərin adını, büdcəsini, heyətinin sanbalını gözümüzə soxalar.
Amma etmirlər. Bəzən hətta aşırı, məntiqsiz, həqiqət payından çox uzaq tələblərə dözüm göstərib, sakit qarşılayırlar. Getdikləri yol da ortada. Digər klublarımızın "Qarabağ" olması üçün saydıqları bəhanələr yox, məhz sonuncu dediklərimiz çatmır.
XANOĞLAN İMANOV

