Musa üçün “Qarabağ”ın oyununa gəldilər - Çexiya, Macarıstan, Polşa, Slovakiya...

18 Yanvar 2023 20:00 Qarabağ 2 965
Musa üçün “Qarabağ”ın oyununa  gəldilər - Çexiya, Macarıstan, Polşa, Slovakiya...

“Qarabağ”ın “Rakuv”la oyununda konkret Musa Qurbanlını izləmək üçün nə qədər skaut, agent gəlmişdi. Sayları bir deyildi, iki deyildi”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında ölkənin tanınmış futbol menecerlərindən olan Erkin İbrahimov Antalya təəssüratlarını danışarkən deyib.

Stajlı futbol mütəxəssisi 20 yaşlı azərbaycanlı hücumçunun Avropa klublarının diqqət mərkəzində olduğunu bildirib. Hətta bir neçə ölkənin adını çəkib.

Musanın 2022-ci ildə xoş təsir bağışlaması, dəqiq desək, məhsuldarlığını artırması xarici klubların məşqçi və skautlarının diqqətini çəkib:

“Şəxsən Çexiya, Macarıstan, Polşa, Slovakiya kimi ölkələrdən Qurbanlını izləmək üçün gələnləri gördüm.

Musanın adı bir neçə klubun transfer siyahısında var. “Qarabağ” futbolçusunu satmaqla bağlı qərar verib qiymət qoysa, əmin olun ki, klubun qapısında növbə olacaq.

Cəmi 20 yaşı var. Hazırda Premyer Liqanın ikinci ən sərrast futbolçusudur. Azərbaycan millisində start heyətində yer alır və artıq qol hesabını da açıb. Şərqi Avropada bu yaşda, bu göstəricilərə sahib 5-6 futbolçu olar, ya yox.

Hadisələrin sonrakı axarını necə olacaq, bunu Qurban Qurbanovla klub rəhbərliyi daha yaxşı bilir”.

Musa Qurbanlı cari mövsümdə Premyer Liqada 15 oyunda 12 qol vurub, 4 məhsuldar ötürmənin müəllifi olub. Azərbaycan kubokunda şans qazandığı 2 matçda 2 dəfə fərqlənib. Avropa Liqasında 2 görüşdə qol hesabını aça bilməyib.

Ünlü “transfermarkt” saytı gənc hücumçunun dəyərini 600 min avro dəyərləndirir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti