Vernidubun bəyəndiyi Murad və ya legionerə şans, yetirməyə hökm…

14:40 Problem 221
Vernidubun bəyəndiyi Murad və ya legionerə şans, yetirməyə hökm…

Görəsən, bir vaxtlar “gələcəyin futbolçusu” adlandırılan neçə istedad bu gün yaşıl meydanlarda özünə yer tapa bilib?

Kiçik bir qığılcımla parıldayıb böyük ümidlər vəd edən adlar bir neçə mövsüm sonra isə səssizcə sönüb gedir.

Səbəb isə adətən, futbolçunun “özü-özünü məhv etməsi” kimi qələmə verilir.

Əslində, bu “məhv”in arxasında düzgün idarə olunmayan karyeralar, ağır psixoloji təzyiqlər və vaxtında uzadılmayan əllər dayanır.

Hansı futbolçunu dindirsəniz, hekayəsi eynidir: Daha çox forma şansı qazana bilmək üçün doğmaca klubundan ayrılır, heç bələd olmadığı başqa bir kluba bel bağlayır.

İş elə gətirir ki, həmin klub da oyunçuya ögey münasibət bəsləyir və beləcə, karyerası başlamadan puç olur.

Klublarımızda qəribə bir “qonaqpərvərlik” sindromu baş alıb gedir...

Aeroportda güllə-çiçəklə, böyük ümidlərlə qarşılanan, hər şıltaqlığına dözülən legionerlər üçün yaradılan isti iqlim nədənsə öz övladlarımıza gəldikdə şaxtalı bir qışa çevrilir.

Biz əcnəbi oyunçuya aylarla adaptasiya şansı veririk, amma öz uşaqlarımızın ilk səhvində onları gözümçıxdıya salırıq.

Millimizin uğursuzluğunda oyunçuları hamımız bir ağızdan qınamağa hazırıq. Amma kimsə soruşmur: Biz onlara nə vaxt o “əcnəbi qayğısını” göstərdik?

Komandalar sanki futbol meydançasında yox, transfer bazarında rəqabət aparırlar. Məqsəd nəticə əldə etməkdən çox, “filan klub filan qiymətə oyunçu gətirdi” dedirtməkdir.

Ötən günlərdə Yuri Vernidub kimi təcrübəli bir mütəxəssis “Neftçi”nin o boyda adlı-sanlı və yüksək büdcəli heyəti içində sadəcə Murad Məmmədovun adını çəkir, özü də xüsusi bir rəğbətlə.

İroniyaya baxın: Vernidubun qeyd etdiyi həmin Muraddır ki, ovaxtadək, demək olar ehtiyat skamyasına məhkum edilmişdi.

Biz yad ellərdən özümüzə “qonaq” axtararkən bir ukraynalı gəlib bircə kəlmə ilə həqiqəti üzümüzə çırpır ki, əsl istedadlar elə burnunuzun dibindədir.

Bu gün istər milli komandada, istər yerli klublarımız və akademiyaları arasında hələ də bir küncə qısılıb öz növbəsini gözləyən neçə-neçə yetirmələrimiz var.

Ziddiyyətli məqam odur ki, onlar növbələri çatanda da formanı əli əsə-əsə geyinir, topa hər toxunuşda səhv etmək qorxusuyla boğuşurlar.

Səbəb isə göz qabağındadır: Biz illərdir legionerlərin arxasında gizlətdiyimiz uşaqlardan bu gün peşəkar və cəsarətli çıxış tələb edirik.

Amma unuduruq ki, cəsarət ehtiyat skamyasında yox, meydanın od-alovunda qazanılır.

Əsl uğur o vaxt gələcək ki, gənclərimiz rəqib kim olursa-olsun, ad-san qarşısında əzilməyəcək, öz evində boynu bükük dayanmayacaq.

Çünki qanında mübarizə ruhu dolaşan bir futbolçu yıxılsa belə, arxasında hiss etdiyi böyük etimad və azarkeş dəstəyindən güc alaraq yenidən ayağa qalxacaq. Belə ruhla alınan məğlubiyyət də, zəfər qədər dəyərlidir.

Əgər bu gün oyunçudan disiplin və nəticə gözləyiriksə, əvvəlcə ona bu disiplini aşılayacaq mühit və uğuru qazanacaq inam bəxş etməliyik.

Unutmayaq ki, vaxtında sahib çıxılmayan hər gənc üçün o meydan gec-tez xəyalların gerçəkləşdiyi yer deyil, ümidlərin dəfn olunduğu bir məzarlığa çevriləcək…

Sima Cəfərova

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti