Hər şeyi boş verin, AFFA bu klubun Premyer Liqada olmasını niyə istəməsin?

7 İyun 2023 21:20 Premyerliqa 4 386
Hər şeyi boş verin, AFFA bu klubun Premyer Liqada olmasını niyə istəməsin?

Premyer Liqanın növbəti mövsümünə aid nə suallar varsa, hamısına bir neçə gün sonra cavab tapılacaq.

AFFA İcraiyyə Komitəsi (İK) iyunun 15-dək yığışmalı, bütün söz-söhbətləri arxivə atmalıdır.

Hər halda federasiya rəhbərliyi başa düşür ki, daha gecikmək olmaz, vaxt onları gözləməkdən bezib.

Komitə, əslində, cari ayın ilk günlərində yığışmalı idi. əsas məsələ - Premyer Liqada klub sayı ətrafında yaranmış qeyri-müəyyənliyə görə toplantını təxirə salmalı oldular.

Bizə məlumdur ki, AFFA-nın baş katibi Sərxan Hacıyev, eləcə də Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov mövcud sayın saxlanılmasına tərəfdardır.

Cütlük ayrı-ayrı vaxtlarda mətbuata verdikləri açıqlamalarda da bunu dilə gətiriblər. Amma bu şəxslər ali orqanda təmsil olunmur və səsvermə hüququna malik deyillər.

Səs və səlahiyyət İK mənsublarındadır. Komitənin əksər üzvləri fərqli düşünür - bizə gələn informasiyalardan belə də bilirik.

AFFA prezidenti Rövnəq Abdullayev də həmin çoxluğun tərəfindədir və sayın 12-yə çatdırılmasını istəyir.

Lakin bu istək də kifayət etmir. Deyim var - pulu kim verirsə, mahnını da o sifariş edir. AFFA maddi gücünü SOCAR-dal alır.

Neft şirkəti federasiyanın baş sponsoru olmaqla yanaşı, Premyer Liqa və I Divizion iştirakçılarına dotasiya ayıran qurumdur.

Ötən ilin yayından başlayaraq, yeni ənənənin əsası qoyulub və qarşıdakı mövsümlərdə də davam edəyi dəqiqdir.

Premyer Liqa təmsilçilərinə ödənilən illik yardım paketinin ümumi məbləği 30 milyon manat təşkil edir. Aşağı dəstənin yarışmaçılarının payına düşən vəsait isə bundan 10 dəfə azdır.

R.Abdullayev daha SOCAR prezidenti deyil və olsaydı, yəqin ki, nə Premyer Liqanıən iştirakçı sayı, nə də onlara ayrılacaq məbləğ

Saqqı kimi uzanan problemə dönərdi. Başını bir dəfə tərpətməklə məsələni yerindəcə həll edərdi. SOCAR-ın yeni rəhbərliyi pul mövzusuna daha həssas yanaşır, yüz ölçüb bir biçir.

Premyer Liqada iştirakçı sayı 12-yə çatdırılsa, avtomatik olaraq I Diviziona da Region Liqasından əlavə 2 komanda cəlb eləmək lazım gələcək.

Hesablamanı bu cür aparaq - Premyer Liqaya 6 milyon manat, I Diviziona da 600 min manat tələb olunur.

Demək, SOCAR gələn mövsümdən ümumilikdə 40 milyon manat verməlidir ki, hər iki liqada yeniliklər etmək mümkün olsun.

Bu qədər pul bziim gözümüzə çox görünə bilər. Amma düzünü demək gərəkdirsə, 40 milyon SOCAR-dan yana böyük məbləğ deyil.

Bilindiyi kimi, AFFA-nın Lisenziyalaşdırma Qrupu elitada qüvvəsini sınaması üçün 12 kluba lisenziya verib. Liqanın son mövsümünün üzvləri ilə yanaşı, I Diviziondan “Araz Naxçıvan” və “Zaqatala”ya “qapı açılıb”.

Düzü nə olar? AFFA-nın SOCAR-la danışıb, say artımının futbol sektorunda inkişafa səbəb olmasına inandırması.

Burada nə narahatverici durumla üzləşən “Şamaxı”dır. Axı Cavid Hüseynov-Vüqar Əsgərli cütlüyünün çalışdırdığı komanda son pilləni tutaraq, I Divizionun qapısını aralayıb.

Əlbəttə, uğursuzluğu yalnız gənc məşqçilərin təcrübəsizliyi ilə əlaqələndirməməliyik.

Tanınmış teleşərhçi Emin Abbasovun təsvir etdiyi kimi, bu, futbolu sevən, amma ona həvəskar münasibət bəsləyən idarəçilərin də təqsiri ucbatından yaranmış vəziyyətdir.

Bildiyimizə görə, “Şamaxı”nın idarəetmə aparatı və məşqçi korpusunda islahatlara start verilib. Həmçinin strategiyaya “əl gəzdirilməsi” qərara alınıb. Daha iddialı klub yaradılması yönündə fərqli planlar cızılıb.

Bu faktorlar “Şamaxı”ya müsbət yanaşma üçün əsasdır. İlkin Fikrətoğlu demişkən, komanda sırf yerli futbolçulardan qurulsa da, heç kimin qarşısında “qapazaltı” olmadısa, daha yaxşı sabah üçün “Şamaxı”ya güzəştə getməyə dəyər.

Hər halda bu klub əyalətdə yerləşir və azarkeş dəstəyinə malikdir. Digər bir mühüm amil rayonun İcra Hakimiyyətinin və yerli dövlət qurumlarının “Şamaxı”nın ətrafında sıx birləşməsi, onu dəstəkləməsidir.

Təbii ki, bütün bunlar icra başçısı Tahir Məmmədovun xidmətidir.

Şamaxının özünü müasir şəhər tipli bir mərkəzə çevirməyi bacarmış T.Məmmədovun futbola münasibəti əksər həmkarlarından yaxşı mənada fərqlənirsə, niyə AFFA tərəfindən kluba daha 1 il möhlət verilməsin?

“Şamaxı” kağız üzərində “Xəzər Universiteti”, “İnter” və “Keşlə”nin davamçısıdır. Gercəkdə isə bu, yeni klubdur.

Onlardan “Şamaxı”ya heç nə qalmayıb. Rayonda futbolun “fundament”i yeni-yeni atılır, ilk addımlar atılır.

Habelə bura yeni sponsorların cəlb olunması istiqamətində işlər görülür. Komanda I Diviziona düşürülsə, hər şeyə yenidən baxmaq məcburiyyəti yaranacaq.

Təkrar sıfır nöqtəsinə qayətmaq - bundan əzabverici nə var axı? AFFA idman prinsiplərini əsas götürsün, buna biz heç nə demirik.

Ancaq bu sistem yalnız Premyer Liqa üçün keçərli olmamalıdır.

Yenə İlkin Fikrətoğlunun dili ilə desək, idman prinsipləri varsa, ölkə çempionatının bütün təbəqələrini əhatə etməlidir və bu, yalnız “Şamaxı”nın adə gələndə yada düşməməlidir..

Xəzər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"