“Neftçi”dəki azərbaycanlılar belə edirsə, vay o klubun halına!

14 Noyabr 2023 20:00 Neftçi 1 266
“Neftçi”dəki azərbaycanlılar belə edirsə, vay o klubun halına!

Bu gedişlə 3-5 turdan sonra “Neftçi” boş tribunalar önündə oynayacaq.

Adrian Mutunun rəhbərlik etdiyi kollektivin çempionatın ortabablarına uduzması böyük bəla yaradıbsa, klubun sosial şəbəkə platformalarına cavabdehlik daşıyanlar “Neftçi”ni lağ obyektinə çevirmək üçün əlindən gələnin ən yaxşısını etməyə çalışır.

Sanki futbolçulara da bununla bağlı tapşırıq verilib. Ki, azarkeşləri özündən çıxarmaq üçün bildiyinizi edin. Təki əsəblər tarıma çəkilsin, klub haqda danışmaq üçün mövzu olsun.

Qara Qarayevlə Emin Mahmudovun “instagram”dakı dialoqunu görənlərin “başından tüstü çıxır”. Komandanın xoş olmayan günlərində kolektivin təcrübəli futbolçularından sayılan, həm də azərbaycanlı olan dostlar zarafat etmək qərarına gəliblər.

Qara məşqdən şəkil paylaşıb, Emin də fotoya reaksiya vermək qərarına gəlib. Nəticədə azarkeşləri qıcıqlandıran dialoq alınıb:

- Qardaş qaçır da.

- Qardaş komment yazır da.

- Qardaş kommentimi bəyənib də.

Bu söhbət “Neftçi”nin yaşadığı heç də xoş olmayan günlərin birində baş verib. Komandanın liderlər qrupundan uzaq düşdüyü, ard-arda 3 qələbə qazana bilmədiyi dönəmdə yəni.

Sosial şəbəkədə zarafat etmək ayıb deyil. Hər birimizin belə bir haqqı var. Biz özümüz də bunu edirik.

Söhbət zaman seçimindən gedir. Məsələn, Qara tanımadığı şəxslər üçün şərh bölməsini bağlayıb. Bağlamasaydı, “Neftçi” azarkeşlərinin reaksiyasını görər, bəlkə də hansısa mənada səhvə yol verdiklərini anlayardılar.

Xüsusi günlər var ki, həmin günlərdə restoranlarda qol qaldırıb oynamaq, avtomobildə musiqiyə yüksək səs vermək, dostlarla badə qaldırıb yeyib-içmək olmaz. Daha doğrusu, yaxşı qəbul olunmur, qınağa səbəb olur.

Hazırda “Neftçi”nin yaşadığı dönəm həmin günlərdən hesab olunur. Ayrılan büdcənin, xərclənən milyonların müqabilində “ağ-qaralar” uğursuz təsir bağıışlayır.

Belə olduğu halda susmaq ən sərfəli variantdır. Yox, kimsə post paylaşmaq, “instagram”da vaxt keçirmək, izləyici və bəyənmə sayını çoxaltmaq istəyirsə, bunun üçün ən gözəl çıxış yolu mövcud duruma görə üzr istəmək, gələcəyə xoş ümid verməkdir.

Yox, yaşı 30-u ötmüş futbolçular “Neftçi”nin düşdüyü vəziyyətə görə özlərini yox, rəhbərliyi və məşqçiləri günahkar bilirsə, hə, bu, başqa məsələ.

Hörmət edir, anlayışla qarşılayırıq. Belədirsə, zarafat etmək də haqqınızdır, qol qaldırıb oynamaq da.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti