“Neftçi”də işlər qaydasında getmir.
Bəla təkcə əsas komandanın qeyri-sabit nəticələrlə liderlər qrupundan uzaq düşməsi ilə bağlı deyil.
Kənardan görünən budur ki, klubun daxilində müəyyən fikir ayrılıqları yaşanır, kimlərsə sanki “Neftçi”ni söydürməkdə, azarkeşləri ayağa qaldırmaqda maraqlıdır.
“Sumqayıt”la oyundan əvvəl hazırlanan uğursuz promo səmada şimşək effekti verdi. Məlum “qaranlıq və tekst” söhbətinin sonradan biabırçı mənzərə yaratması heç kimə sirr deyil. “Ağ-qaralar”ın tarixinə və imicinə zidd olan məlum video rəqibə atmaca atmaq baxımından olduqca uğursuz reklam idi.
Promo qalmaqalı başa çatmamış növbəti faciəyə şahidlik etdik. Bu dəfə “Sumqayıt”a acı yenilgidən sonra. Klubun sosial şəbəkə hesablarına cavabdehlik daşıyan(lar) azarkeşlərlə sözün əsl mənasında məzələnmək niyyəti güdürdü.
1:2 hesablı məğlubiyyətin anonsunun qısa müddət ərzində iki dəfə paylaşılması azmış kimi, növbəti post üçün seçilən uğursuz mətn alovun üstünə tökülən yanacaq effekti verdi:
“Komandamız 13-cü turda “Sumqayıt”la qarşılaşıb. “Neftçi Arena”da baş tutan matçda “ağ-qaralar” hesabı açsa da, nəinki qələbə hesabını qoruyub, hətta məğlub olub – 1:2.
Qeyd edək ki, “Neftçi” 13 oyundan 18 xalla turnir cədvəlində 6-cı yeri tutur”.
Məğlubiyyət postunu bu şəkildə kluba yad, klubu sevməyən, azarkeşləri qıcıqlandırmağa çalışan adam(lar) paylaşa bilər. Klubun marağını qoruyan biri hansı əsasla nəinki və hətta sözlərindən istifadə edir?
Komandanın məğlub olması niyə 3 fərqli paylaşımda, lakin eyni məzmunda əks olunur? “Neftçi”nin 6-cı pillədə qərarlaşması niyə bəh-bəhlə göstərilir?
Azarkeşlər komandanın məğlubiyyətini kənara qoyub “Neftçi”nin SMM cavabdehlərinin ünvanına hansı növ təhqirlər yağdırdığını mütləq ki, özləri görüb, oxuyub.
Bəlkə də adamlar KVN üslubunu, bayağı zarafatları futbola daşımaqla özlüyündə böyük iş gördüyünü düşünür. Ancaq əksini edir və klubun imicinə böyük zərbə vurur.
Cənablar, futbol təsərrüfatından xəbərsiz olmaq ayıb deyil. Ayıb olan soruşmamaq, öyrənməmək, ayıbına kor olmamaqdır.
“Neftçi”yə klubu söydürmək, azarkeşləri stadionlardan uzaq salmaq üçün gəlmisinizsə (gətirilmisinizsə), başqa məsələ.
Yox, yenilik etmək həvəsi ilə biabır olduğunuzun fərqindəsinizsə, ayağınızı ehtiyatlı basın, sağa-sola baxın, soruşun, öyrənin.
HƏBİB / SPORTİNFO.AZ

