Son günlərin əsas müzakirə mövzusu "Neftçi"nin mətbuat xidmətinin apardığı yarıtmaz siyasətdir.
Proses artıq neçə turdur davam edir.
Belə ki, media şöbəsinin kollektivi hər oyundan əvvəl hazırladığı promo videolarla gündəmə gəlir.
Rəqiblərə atmacalar atılır, bəzən bu atmacalara təhqir dozası belə qatılır.
Təbii ki, bu da birmənalı qarşılana bilməz.
Mən futbol ictimaiyyətinin tənqidlərini də demirəm.
Klubunun öz yaxın çevrəsi başverənlərə biganə deyil.
Xəbər verdiyimiz kimi, "Sumqayıt"a məğlubiyyətdən sonra bir qrup sadiq azarkeş mətbuat xidmətinin rəhbəri Emin Əfəndiyə sərt etiraz ediblər.
Hələ bu harasıdır...
Redaksiyamıza məsələ ilə bağlı yeni informasıya daxil olub.
Belə ki, yayılmış videolar futbolçuların da narazılığına səbəb olub.
Hətta "Sumqayıt" ilə qarşılaşmadan öncə kollektiv üzvləri oyunla bağlı hazırlanmış promo videonun silinməsini tələb ediblər.
Bildiriblər ki, belə yanaşma rəqibə hörmətsizlikdir. Və sizin atdığınız addımlar rəqibləri bizə qarşı daha motivasiyalı edirsə, özümüzə mənfi təsir göstərir.
Lakin gətirilən bütün arqumentlərə rəğmən, rəsmilər "Heç nə silinməyəcək. Bundan sonra da belə davam edəcəyik" - deyə narazı futbolçulara cavab veriblər.
Xatırladaq ki, haqqında bəhs etdiyimiz görüş "Sumqayıt"ın 2:1 hesablı qələbəsi ilə bitib.
Hesabda geri düşən qonaqlar sonradan iki qol vuraraq əzmkar qələbə qazana biliblər. Qarşılaşmadan sonra "kimyaçılar"ın baş məşqçisi Samir Abasov bu sözləri dilə gətirib:
"Neftçi" TV-nin videosunu bu gün futbolçularımız göstərdi. "Neftçi"nin media departamentinin rəhbərinə də bonus düşür. Rəhbərliklə danışaq, onlara da bonus verək. Sağolsunlar. "Sumqayıt"ın qələbəsində rolları oldu".
Görəsən, heç olmasa bütün bu başverənlərdən sonra "Neftçi"nin "media komandası" işinə çəkin-düzən verəcəkmi?
Gözləyək...
XANOĞLAN / SPORTİNFO.AZ

