COP29

Hamını maraqlandıran sual - "Neftçi" Mutunu istefaya göndərməyə hazırlaşırmı?

12 Noyabr 2023 23:40 Neftçi 2 376
Hamını maraqlandıran sual - "Neftçi" Mutunu istefaya göndərməyə hazırlaşırmı?

Çempionluq uğrunda «müharibə»də «Neftçi»ni görməmək adama pis və qəribə gəlir.

Bu komanda düzəlmir ki düzəlmir!

Deyəsən Adrian Mutu da xroniki hal alan xəstəliyə əlac tapmayacaq. Gör, neçə aydır buradadır!

Dörd-beş ay bir igidin ömrüdür. Rumıniyalı yayın əvvəlindən bəri Azərbaycanda çalışsa da, çox təəssüf ki, nəinki rəqibləri, heç öz komandasını da tanıya bilməyib.

Bu, onun, həmçinin «Neftçi»nin ən böyük bəlasıdır.

«Neftçi» azarkeşi artıq ondan əlini üzüb. Mutunun adı gələndə hamı dodağını büzür.

Bu baş məşqçiyə inam və etibar qalmayıb.

Bilmirəm klub idarəçiləri Mutunu istefaya göndərməyə hazırlaşır, ya yox. Cəmi 5-6 il qabaq məşqçilik həyatına atılmış Mutunun nəticələrdən utanıb öz xoşuyla ölkəmizdən ayrılacağına, açığı, inanmıram.

Nə yoğurub, nə yapıb, hazırca kökə tapıb.

İlk hissədə hesabı açıb fasilədən sonra meydanı məğlub tərk edən «Neftçi»nin üzücü tərəfləri çoxdur. Bunların başında komandanın hələ də öz tərzini tapmaması gəlir.

Mutunun 4-5 ay vaxtı olub ki, öz fəlsəfəsini futbolçularına yeritsin. Heç o fəlsəfənin işartıları yoxdur.

Bir qatar köməkçi gətirib, hərəsinin də əlində bir dəftər-kitab, planşet, texniki zonada o yana gedirlər, bu yana gedirlər.

İş olmalıdır ki, nəticə də olsun.

Hansı işdən danışa bilərik ki, «Neftçi»nin oyunu və taktikası onun ən çılğın və xəyalpərəst tərəfdarlarını da özündən çıxarır. Bir ətək pul verilib gətirilən legionerlər Mutunun öz seçiminə oxşamır.

Sanki ona deyiblər ki, bu futbolçular götür və oynat. O da ki əsas heyətdə tez-tez rotasiyaya gedir,

Əlinin papağını Vəlinin başına qoyur, Vəlinin papağını da Pirvəlinin. Meydana girən də, çıxan da keyfi istəyən havanı çalır, bildiyi kimi oynayır.

Məşqçi olan şəxs bunlara qayıdıb demir ki, ay bala, onu belə elə, bunu belə elə. Mutunun ya üzü yoxdur, ya savadı azdır, ya da təcrübəsi. Üçündən biridir.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti