Azərbaycan Premyer Liqasında 13-cü turu çərçivəsində keçirilən "Neftçi" - "Sumqayıt" qarşılaşması qonaqların qələbəsi ilə yekunlaşdı - 1:2.
Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov matçın yekunu ilə bağlı maraqlı fikirlər səsləndirib.
Tanınmış jurnalist "Neftçi"də son dönəmlər cərəyan edən hadisələr barədə danışıb, klub rəhbərliyinə çağırış edib.
"Yol əhvalatı" filmində məşhur bir səhnə var. Sual verilir ki, yenə nə olub, a loxəbər, "Neftçi" yenə uduzub?
Cavab verilir ki, heç, "Neftçi"nin udan günü olub ki?
Həqiqətən, komanda müxtəlif "cəbhələr"dən işbilməzlərin, naşı şəxslərin qurbanına çevrilməkdədir. Qarşılaşma ilə bağlı təhlil vermək əvəzinə, başqa məsələlərə toxunmaq istərdim.
Əvvəl gələk, klubun media sektorunda islahatlara. Daha doğrusu, öz aləmlərində buna islahat deyirlər...
Qısa zaman müddətində ictimaiyyətin böyük rəğbətini qazanan "Neftçi TV"ni də saldılar futbol komandasının gününə...
Klub kanalını çeviriblər "şou-biznes"ə. Peşəkar kadrlar yeni gələn naşıların sayəsində bir-bir kanalı tərk edirlər.
Budur inkişaf? Matçdən öncə uğursuz paylaşımlarla özlərini daha da pis duruma salmaqdadılar.
Elə "Sumqayıt"la qarşılaşmadakı məğlubiyyətdən əvvəl "O işığı söndürün" kimi paylaşımla özlərini inkişaf edirmiş kimi göstərən ictimaiyyətlə əlaqələr şöbəsi yenə "nokaut"a düşdü.
Bəli, söndürdülər işığı, özü də...Nə isə...
Mövsümün əvvəlində "ağ-qaralar"ın baş məşqçisi Adrian Mutunu dəstəkləyən jurnalistlərdən biri olmuşam. Ancaq görünən odur ki, rumıniyalı mövsümün əvvəlində bəzi məqamlara göz yumduğu üçün indi hər şeyi açıq şəkildə etiraf edə bilmir.
Bu transferlərlə, futbolçu qrupu ilə Mutunun görmək istədiyi oyun tamamilə tərs-mütənasibdir. Ya gərək istefa versin, ya da ki, əlindəki oyunçulara görə sistem müəyyənləşdirsin.
"Neftçi" rəhbərliyinə çağırış edirəm. Əgər tezliklə baş verənlərə əncam çəkilməsə, yarıtmaz kadrlar uzaqlaşdırılmasa, ölçü götürülməsə, o işıq daha tez sönəcək".
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

