“Neftçi”də yeni sima parlayır - Ölkə futbolunda Abdullayev fırtınası

4 Noyabr 2023 23:00 Neftçi 11 880
“Neftçi”də yeni sima parlayır - Ölkə futbolunda Abdullayev fırtınası

“Neftçi” Premyer Liqada qeyri-sabit çıxışla yadda qalsa da, əvəzedici komandası mübarizə apardığı liqada fırtına qoparır.

Əvəzedicilər Liqasında 11 tur geridə qalıb. Bakılılar rəhbərlik etdiyi kollektiv 10 oyunda qələbə qazanmaqla topladığı 30 xalla turnir cədvəlinin vahid lideridir.

“Ağ-qaralar” bu matçlarda hamıdan çox qol vurub – 35 top. Buraxdığı qol sayına görə də rəqiblərindən öndədir – 6 top.

Rəşad Abdullayevin “Neftçi”si ötən mövsümdə də uğurlu nəticələrlə yadda qalmışdı. Çempionatda güclü rəqiblərinin olmasına baxmayaraq, yekunda yalnız “Araz-Naxçıvan”dan geri qalıb gümüş medallara olmuşdu.

Həmin “Araz” ki, bu gün Premyer Liqada rəqiblərini özü ilə hesablaşmağa dəvət edir, “Qarabağ”ı meydandan məğlub yola salır.

Amma bu “Neftçi-2” ötənilki “Neftçi-2” deyil. Komanda yayda ciddi dəyişikliklərə məruz qaldı. Kollektivin əsas simalarından sayılan Elşad Tağıyev “Şamaxı”nın, Vüsal Əsgərov “İrəvan”ın yolunu tutdu. Əlirza Müştəbazadə ilə Seymur Əliyev də karyerasını “İrəvan”da davam etdirməyi qərara aldı. Bir sözlə, yaşı nisbətən çox olanlara üst liqalarda oynamaq imkanı yaradıldı.

Bu qədər itkinin fonunda bakılılar yalnız Kamal Kazımovla gücləndi. Digər boşluqlar isə “Neftçi”nin U-19 komandasından cəlb olunan gənclərin hesabına dolduruldu.

Yaydakı dəyişikliklərdən sonra əvəzedici komandanın cari mövsümdə necə təsir bağışlayacağı maraqla gözlənilirdi. Bu, həm də Rəşad Abdullayevin iş bacarığına lap dəqiq qiymət vermək baxımından əla imkan idi.

Nəsildəyişmədən sonra komandanı əvvəlki tempdə saxlamaq, uğurlu nəticələrə imza atmaq, yeni gələn gənclərlə dil tapmaq məşqçidən bacarıq və təcrübə tələb edirdi.

Rəşad Abdullayevin sınaqdan üzüağ çıxdığını əminliklə deyə bilərik. Bu adam futbolçuların ən təhlükəli yaş dövründə onları kollektiv olaraq toplamağı bacarır. Bu adam “Neftçi”nin formasını geyinəndə qoltuqlarının altına qarpız sığmayan gənclərə sadə davranmağı öyrətməyi bacarır. Bu adam “Neftçi”də intizamın nə demək olduğunu aşılayır, gələcək üçün şəxsiyətlər yetişdirir.

Cari mövsümdə “Neftçi-2”nin cəmi 3 oyununun canlı şahidi olmuşam. 270 dəqiqə ərzində şahidi olduqlarıma əsasən komandada ciddi işlərin görüldüyünü, gələcək adına perspektivli futbolçuların yetişdiyini əminliklə deyə bilərəm. Təbii ki, yollarını azmasalar.

Oktyabrın 30-da “Netçi-2” çempionatın güclü kollektivlərindən olan, mövsümün ilk yarısında məğlub olduğu “Sabah-2”ni qəbul etdi və bu qarşılaşmadan 2:0 hesabı ilə qalib ayrılmaqla lider kürsüsündəki yerini bərkitdi.

İndi ağ-qara rənglərə könül verən hər kəs “Neftçi”nin əvəzedici komandasını maraqla izləyir və qeydə alınan nəticələrə görə sevinir. Bildiyimə görə, Rəşad Abdullayevin gördüyü işlər, yəni gənclərlə işləmək bacarığı və özünəməxsus oyun dəsti-xəttinin olması bəzi klub rəhbərlərinin, o cümlədən AFFA rəsmilərinin diqqət mərkəzindədir.

“Neftçi”də yaxın gələcək üçün bacarıqlı futbolçuların qələbə ruhunda yetişməsi hər nə qədər ölkə futbolu adına xoş haldırsa, Ayxan Abbasov, Elmar Baxşıyev, Azər Bağırov, Rəşad Sadıqovun timsalında daha bir gənc mütəxəssisin – Rəşad Abdullayevin adından söz etdirməsi sevindirici hal kimi qeyd olunmalıdır.

“Neftçi-2” bu mövsümü çempion kimi başa vursa, 42 yaşlı mütəxəssis təkliflər “yağışında islanacaq”.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti