“Neftçi” Qəbələdə də məğlub olsa...

4 Noyabr 2023 20:40 Neftçi 1 436
“Neftçi” Qəbələdə də məğlub olsa...

Premyer Liqanın 12-ci turu biri-birindən maraqlı və prinsipial qarşılaşmalarla yadda qalacaq.

Diqqətləri çəkən oyunlardan biri Qəbələdə baş tutacaq. Meydan sahibləri “Neftçi”ni qəbul edəcək.

İkisi də eyni durumdadır

Komandaların ümumi vəziyyəti aşağı-yuxarı eynidir. Hər iki kollektiv yayda ölkəmizi Konfrans Liqasında təmsil edib, hər iki kollektivdə köklü dəyişikliklər yaşanıb və hər iki komanda mövsümə arzuladığı kimi başlamayıb.

İstər “Qəbələ”, istərsə də “Neftçi” son həftələrdə istədiyi nəticəni əldə etməkdə çətinlik çəkir. “Ağ-qaralar” son 3 qarşılaşmalarda aktivinə 3 xal yazmağı bacarıb.

Bölgə təmsilçisinin durumu isə lap ağırdır. Son 3 oyunda 3 məğlubiyyət. Hər iki komandanın ötən həftəni məğlub başa vurduğunu da bildirək.

“Neftçi”nin xeyrinə işləyən məqam

Adrian Mutunun rəhbərlik etdiyi komandanın səfərdə oynaması azarkeşləri ümidləndirməyə bilməz. İş burasındadır ki, bakılılar cari mövsümdə səfər matçlarında evdəkinə nisbətən xoş təsir bağışlayır. 6 qarşılaşmanın 3-də qələbə qazanılıb, 2-də heç-heçə əldə olunub, yalnız 1 dəfə məğlubiyyətə üzülüblər ki, “Araz-Naxçıvan” “Neftçi”ni üstələyib.

Bu baxımdan qəbələlilərin işi ağırdır. Elmar Baxşıyevin yetirmələri cari mövsümdə doğma meydanda 5 matç keçirib. Bu oyunların 4-də meydanı məğlub tərk edən “qırmızı-qaralar” yalnız lider “Zirə”ni udmağa nail olub.

Yeri gəlmişkən, “Qəbələ”ylə “Neftçi” arasında çempionatın ilk yarısında Bakıda baş tutmuş ilk dueldə bakılılar 2:0 hesabı ilə qələbə qazanıb.

Biri sevinir, o biri üzülür

“Ağ-qaralar” səfər matçına kifayət qədər ciddi itkilərlə yollanacaq. İki aparıcı legioner bu matçda iştirak edə bilməyəcək. Yuri Matias cəzalıdırsa, Andre Şinyaşiki zədədən əziyyət çəkir. Eddi İsrafilov, Emil Balayev, həmçinin, Ömər Buludov zədədən əziyyət çəkir. “Üçlüy”ün meydana çıxmayacağı dəqiqdir.

Əvəzində Elmar Baxşıyevin üzü gülür. “Qəbələ”nin baş məşqçisi bazar günkü duelə tam heyətlə hazırlaşır. Qışa qədər oynamayacağı çoxdan dəqiqləşən Feras Abu Akalı nəzərə almasaq, digərləri baş məşqçinin sərəncamındadır. Ötən tur cəza səbəbindən meydana çıxmaqdan məhrum olan İlkin Qırtımovla Osama Xalayla “Neftçi”yə qarşı oynaya biləcək.

“Ağ-qaralar” Qəbələdə məğlub olsa...

“Ağ-qaralar” Qəbələyə 3 xal dalınca yollanacaq. Növbəti mümkün məğlubiyyət komandanın turnir cədvəlindəki durumuna ciddi mənada təsir edəcəksə, daxildəki ab-havanı korlayacaq.

Yayda 10-dan artıq transfer edən “Neftçi”nin ardıcıl ikinci oyunda məğlub olması və liderdən aşkar uzaq düşməsinin fəsadları ağır ola bilər. Bu mənada bakılılarda psixoloji yükün çəkisi ağır olacaq.

Meydan sahiblərinin itirəcək heç nəyi yoxdur. Onsuz da, mövsüm uğursuz başlayıb, avrokuboklara vəsiqə yolunda vəziyyət çətinləşib.

Hətta yayda Avropada oynamaq mümkün olmasa belə, məşqçi və futbolçu heyətini asıb-kəsən olmayacaq.

İllərdir ölkəmizi avrokuboklarda təmsil edən və məhdud büdcə ilə hərəkət edən komandanın “dördlük”dən kənarda qalması faciə kimi qiymətləndirilməyəcək. Amma eyni hal “Neftçi” üçün keçərli deyil.

Noyabrın 5-də keçiriləcək “Qəbələ” – “Neftçi” dueli saat 16:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti