Məşhur şirkət “Neftçi”nin gözünü yolda qoyub - GÜNDƏM

4 Noyabr 2023 11:40 Neftçi 1 619
Məşhur şirkət “Neftçi”nin gözünü yolda qoyub - GÜNDƏM

“Neftçi” Türkiyə şirkəti ilə əməkdaşlığı dayandırıb.

Daha doğrusu, “ağ-qaralar”la “Türk Hava Yolları” (Turkish Airlines) arasında başa çatan sözləşmənin müddəti uzadılmayıb.

Məşhur şirkət əməkdaşlıqda maraqlı olmasa da, “Neftçi” hələ də ötən günlərin həsrətini çəkir.

Belə olmasaydı, Bakıxanov qəsəbəsində vaxtilə “Türk Hava Yolları”nın adını daşıyan təlim-məşq mərkəzində şirkətə aid reklam lövhələri yığışdırılardı.

Bazaya daxil olanda əsas girişdəki bildiriş lövhəsində sözügedən şirkətin adı yazılıb. Meydanın kənarındakı reklam lövhələrində də eyni mənzərəyə şahidlik edirik.

Bu azmış kimi, inzibati binanın ən görkəmli yerində də “Turkish Airlines” yazısı gözə dəyir. Hər gün yüzminlərlə insan nəqliyyat vasitələri ilə keçərkən şirkətin adını görüb “Neftçi” ilə əlaqəsinin olduğunu düşünür.

Halbuki, “Türk Hava Yolları” ilə “Neftçi”ni bu dəqiqə heç nə bağlamır.

Belədə, ölkənin ən köklü klubunun etdiyi nədir? Səhlənkarlıq, diqqətsizlik, yoxsa tanınmış brendi bu yolla geri qaytarmaq cəhdi?

Məsələyə aydınlıq gətirmək üçün klubdan münasibət öyrəndik. Məlum oldu ki, “Neftçi”dəkilərin gözləri yolda, qulaqları səsdə olduğu üçün məlum vəziyyət yaranıb:

“Məlum olduğu kimi "Neftçi" PFK ilə Türk Hava Yolları şirkəti arasındakı baş sponsorluq müqaviləsi ötən mövsümün sonunda başa çatıb.

Amma hələ də şirkətin loqolarını, adlarını özündə əks etdirən tablo və yazılar həm "Neftçi Arena"nın, həm də "Neftçi Futbol Mərkəzi"nin binasının fasadında, meydanının kənarlarında görünməkdədir.

Buna səbəb isə klubla Türk Hava Yolları şirkəti arasında davam edən danışıqlar prosesidir.

Bir sözlə, yaxın gələcəkdə tərəflər arasında yeni işbirliyi ehtimalı olduğu üçün, adları çəkilən loqo və tabloların yığışdırılması məsələsi hələ ki, dayandırılıb”.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti