Adrian Mutu çox söz deyə, çox vəd verə bilər.
Biz buna hazır və alışıq olmalıyıq, havalarda uçmamalıyıq.
Nə olsun ki, o, «Neftçi»nin çempionluq rəqabətinə tab gətirəcəyini söyləyib, 11 tur bunun əksini göstərdi.
Komandanın oyununda enmə-qalxma, qalxma-enmə, qeyri-sabitlik var. Ardıcıl iki həftəni bir xətt üzrə keçirmirlər. Bayılda «Səbail»i sürətli və baxımlı oyunla məğlub etmişdilər. Maraqlı təsir bağışlamışdılar.
Gəldilər, öz sahələrində «Sabah»ı udmaq üçün o əzmi, o istəyi göstərmədilər. Özəlliklə ikinci hissədə. Mutu heç-heçənin daha ədalətli olduğunu, rəqibin bəxtinin gətirdiyini iddia edib.
Sadəcə, iddia edib. Görünür, rumıniyalı başqa oyuna baxıb, biz başqa.
Qonaqların fasilədən sonra «Neftçi»nin qapısı qarşısında yaratdığı təhlükəli epizodları biz gördük, təəssüf ki, Mutu görməzdən gəldi.
Baş məşqçi Emin Mahmudovu ehtiyatda saxladı və yalnız 70-ci dəqiqədən sonra meydana buraxdı.
Ötən tur sarı vərəqə limitini doldurduğu üçün tribunadan yaşıl sahəni seyr edən kapitan bu dəfə aşağı düşdü, gec də olsa, forma geyindi, ancaq oyuna qatqı vermədi.
Məğlubiyyəti Eminin passivinə yazmağın isə əleyhinəyəm. Mutu yayda aldığı legionerlərin dosyesini dərindən araşdırmalıdır.
Elə etsə, qeyri-sabitliyin arxasından boylanan sualların cavabını tapacaq. Qabaqdangəlmişlik kimi çıxmasın, yeni gələn əcnəbilərin çoxu yanan barmağa su tökməyə yaramır.
Rumın transfer siyasətindəki yanlışları qış fasiləsində düzəltməlidir. Mark Tamaş və Yuri Mata sbir kənara, digərləri ayrılıq siqnalı verir.
MUSA

