"Neftçi" mövsümdə ən yaxşı matçını son tur "Səbail"lə qarşılaşmada keçirdi.
4:2 hesablı qələbə qazanan "ağ qaralar" meydanda sürətli, dinamik və daim pressinq etməsi ilə yadda qaldı.
Vurulun qollardan biri standart vəziyyətdən oldusa, üçü yaxşı kombinasiya sonrası vuruldu.
Kollektivin sürətli oynamasını əksəriyyət kapitan Emin Mahmudovun yoxluğuna bağladı. Ki, o olanda yoldaşları onun asta tempi ilə ayaqlaşır və bu da "Neftçi"nin sürətli oynaması mane olur.
Maraqlıdır, bu iddianın əsası varmı?
Ümumiyyətlə, belə məqamda biz qarşıdakı turlar Mahmudovu ehtiyatda görə bilərikmi?
Sportinfo.az-ın suallarına cavab olaraq komandanın baş məşqçisi Adrian Mutu bunları deyib:
"Emin komandamız üçün önəmli oyunçudur. Futbol dəyişən məsələdir.
Mənim bəyəndiyim prinsip, komandada hər mövqeyə rəqabətin olmasıdır.
Düzdür, "Səbail"ə qarşı oyunumuz yaxşı keçdi. Ancaq məsələ ondan ibarət deyil ki, Emin meydanda olmadığı üçün yaxşı oynadıq.
Sadəcə olaraq, uşaqlar yaxşı performans göstərdilər. Futbolçular arasında rəqabət olmalıdır.
Mənə inana bilərsiz ki, oyunumuz üçün ən yaxşı 11 futbolçunu seçirəm. Bəzən görürsən ki, bütün futbolçular yaxşı formadadır və həmin qərarlar çətinliklə verilir.
Amma hər zaman meydanda ən yaxşı11 futbolçu yer alacaq"
XANOĞLAN

