“Düşünürəm ki, adaptasiya dövrü bir az çox çəkdi”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin məşqçisi Sənan Qurbanov deyib.
Yayda Adrian Mutunun köməkçisi kimi paytaxt klubunda işə başlayan mütəxəssis Premyer Liqanın ilk dövrəsində qeydə alınan zəif nəticələr haqda danışıb.
O, komandaya qoşulan yeni oyunçuların uyğunlaşma prosesinin xeyli vaxt aldığını söyləyib:
“Bu yay heyətdə çoxlu dəyişiklik oldu. Komandaya həm yeni baş məşqçi, həm də futbolçular gəldi.
Bunlar fərqli mentaliteti olan futbolçulardır. Elələri var ki, bura gələnədək 3-4 ay yaşıl meydanlardan uzaq qalıblar.
Fərdi məşq eləsələr də, komandayla hazırlıq keçmək başqadır. Onların formaya düşməsi zaman alır.
Çempionatımız da çətindir. “Neftçi”nin üzərində hər zaman böyük təzyiq var.
Hər dəfə qələbə qazanmaq məcburiyyətindəsən. “Neftçi”ni digər komandalardan fərqləndirən budur.
Yaxşı nəticələr qazanmaq yönündə işlər gedir. Əlbəttə ki, Premyer Liqanın ilk dövrəsində əldə olunan nəticələr ürəkaçan deyil.
Derbidə “Qarabağ”a uduzduq. Öz azarkeşlərimiz önündə belə bir məğlubiyyət bizi çox məyus elədi.
Bütün bunlardan nəticə çıxaracağıq. Futbolçu və məşqçi heyəti olaraq. “Neftçi”yə layiq olmağa çalışacağıq”.

