“Neftçi” məşhur Türkiyə şirkəti ilə əməkdaşlığı dayandırıb.
Daha doğrusu, “ağ-qaralar”la “Türk Hava Yolları” (Turkish Airlines) arasında başa çatan sözləşmənin müddəti uzadılmayıb.
Məşhur şirkət əməkdaşlıqda maraqlı olmasa da, “Neftçi” hələ də ötən günlərin həsrətini çəkir.
Belə olmasaydı, Bakıxanov qəsəbəsində vaxtilə “Türk Hava Yolları”nın adını daşıyan təlim-məşq mərkəzində şirkətə aid reklam lövhələri yığışdırılardı.
Bazaya daxil olanda əsas girişdəki bildiriş lövhəsində sözügedən şirkətin adı yazılıb. Meydanın kənarındakı reklam lövhələrində də eyni mənzərəyə şahidlik edirik.
Bu azmış kimi, inzibati binanın ən görkəmli yerində də “Turkish Airlines” yazısı gözə dəyir. Hər gün yüzminlərlə insan nəqliyyat vasitələri ilə keçərkən şirkətin adını görüb “Neftçi” ilə əlaqəsinin olduğunu düşünür.
Halbuki, “Türk Hava Yolları” ilə “Neftçi”ni bu dəqiqə heç nə bağlamır.
Belədə, ölkənin ən köklü klubunun etdiyi nədir? Səhlənkarlıq, diqqətsizlik, yoxsa tanınmış brendi bu yolla geri qaytarmaq cəhdi?
HƏBİB / SPORTİNFO.AZ

