“Neftçi”nin hazırkı vəziyyəti bir çox azarkeşlərin ürəyincə deyil.
Yayda komanda və rəhbərlik şəklində ciddi dəyişikliklərə məruz qalan “ağ-qaralar”ın göstərdiyi nəticələr “Neftçi”yə könül verənlərin əhvalını korlayıb.
Bakılıların avrokubok macərasını erkən başa vurması, Premyer Liqada 9 turdan sonra topladığı 12 xalla 10 komanda arasında 5-ci pillədə qərarlaşması bəzi azarkeşlərin ciddi narazılığına səbəb olub.
Onlardan biri, 60 ilə yaxındır ağ-qara rənglərə könül verən, Fazil Dadaşov yazdığı məktubda klubun Müşahidə Şurasının sədri Rövşən Nəcəfə səslənib.
Dadaşov klubun əsas adamı ilə görüşmək niyyətindədir:
"Neftçi"PFK-nın Müşahidə Şurasının sədri Rövşən Nəcəf cənablarına! Hörmətli Rövşən müəllim, mən "Neftçi" klubunun sadiq, qocaman azarkeşi olaraq sizinlə görüşmək istəyirəm.
Sizin qiymətli vaxtınızdan bu görüş üçün 30 dəqiqə ayırıb biz sadiq azarkeşləri "Neftçi"də baş verən qeyri-müəyyənliklərlə, klubun qeyri-peşəkarlıqla idarə olunmasına, klubun strategiyasına uyğun olmayan işlərin həyata keçirilməsinə görə qəbul etmək üçün xahiş edirəm.
“Neftçi”nin illərdir davam edən xaotik idarəçiliyinə görə çox acınacaqlı duruma düşməsi məni həddən artıq narahat edir.
Belə bir vaxtda "Neftçi" azarkeşi olaraq sevdiyiniz klubun qocaman, stajlı azarkeşləri ilə görüşməyiniz klubumuzun gələcək uğurları və inkişafı üçün faydalı olacağına zəmin yarada bilər.
Bilirəm ki, siz ölkəmizin ən strateji sahəsində, məsuliyyətli və şərəfli bir vəzifədə çalışırsınız. Ancaq sizin rəhbərlik etdiyiniz "Neftçi" klubu həm də ata-babalarımızdan bizə miras qalıb və Azərbaycan futbolunun mayakı kimi, bu xalqın sevimli futbol komandası adını daşıyır.
"Neftçi"nin uğuru ümumilikdə Azərbaycan futbolunun uğurudur, uğursuzluqları da futbolumuzun üz qarasıdır. Biz azarkeşlər xalqın komandasının bu uğursuzluqlarına görə çox üzülürük.
Hörmətli Rövşən Nəcəf, "Neftçi"mizin dərdinə şərik qocaman, 60 illik staja malik olan azarkeş kimi sizinlə görüşmək üçün yaxın zamanda qəbulunuza düşmək istəyirəm.
"Neftçi" klubunun Müşahidə Şurasının sədri olaraq klubun azarkeşlərini qəbul edəcəyinizə inanmaq istəyirəm.
Hörmətlə, "Neftçi"PFK-nın qocaman azarkeşlərindən olan Fazil Dadaşov”.
HƏBİB / SPORTİNFO.AZ

