“Cibimdə bir avro da yox idi” – Azərbaycanda yüzminlər qazanan

8 Aprel 20:00 Müsahibə 6 494
“Cibimdə bir avro da yox idi” – Azərbaycanda yüzminlər qazanan

Usim Nduka... Tarixin yaddaşına qovuşmuş AZAL-ın heyətində ən çox oyun keçirən futbolçu olsa da, azarkeşlər onu daha çox Berti Foqtsun Azərbaycan millisinə dəvət etdiyi yerli pasporta sahib əcnəbi kimi xatırlayır.

Afrikalı müdafiəçi 2004-2013-cü illər aralığında AZAL-ın şərəfini qoruyub, 1 illik “Tavşanlı Linyitspor” karyerasının ardınca Azərbaycana qayıdaraq “Simurq”da oynamış, ardınca ölkəmizi tərk etmişdi.

Usimin ölkəmizə gələnə qədər, hətta burada olduğu dönəmdə başına gələnlərdən az-çox xəbərdar olduğum üçün müsahibənin maraqlı alınacağına şübhəm yox idi.

Sadəcə, uyğun vaxt tapmaqda razılaşa bilmirdik. Sual-cavab üçün sentyabrda başladığımız söhbət düz 6 ay çəkdi. Və martın son günündə Nduka ilə təxminən 1 saatlıq söhbətdə çox maraqlı faktlar üzə çıxdı.

Xüsusən kasıb insanlarla gənc futbolçular üçün dərslik sayıla biləcək müsahibəni təqdim edirik.

(əvvəli ötən yazıda - https://www.sportinfo.az/idman_xeberleri/musahibe/195492.html)

- Nə dedi?

- Dedi, mənim fikrim sənin üçün önəmlidirsə, sənə qapı açan AMMK-da qalmağı məsləhət görürəm, pula şirniklənib getmə. Anamın sözünə qulaq asıb qaldım. Çox keçmədən “Araz-Naxçıvan” dağıldı, AMMK Premyer Liqaya yüksəldi və maaşımı artırdılar.

- Nə qədər oldu?

- Premyer Liqada ilk məvacibim 1500 dollar oldu. İlk dəfə maaşımı alanda ağlamışdım. Rusiyada çəkdiyim əziyyətlər, ac qaldığım, dəmir yolu vağzallarında gecələdiyim, kimsəsiz tənha qaldığım günlər keçmişdi gözlərimin önündən. Sankt-Peterburqda yeməyə heç nə tapmırdıq, elə gün olurdu bir dəfə nəsə tapıb yeyirdim, ya da tez-tez çay içirdim ki, aclığı hiss etməyim. 12 nəfər afrikalı şəraitsiz 2 otaqda qalırdıq. Dil bilmirdim, heç kimi tanımırdım, həmin vaxt Rusiyada siyasi vəziyyət də yaxşı deyildi. Bakıya gələndən sonra sanki cənnətə düşdüm. Özümə qarşı sevgi gördüm, hər imkanda insanların diqqətini hiss etdim. Vaxt keçdikcə futbolda rahatlıq tapdım və daha yaxşı oynamağa başladım.

- Təbii ki, qazancın da artdı.

- Premyer Liqada ilk məvacibin aylıq 1500 dollar oldu, sonra 3000, ardınca 7000, 14000... Üstəlik, mükafat da alırdım. Oynadıqca maaşım artdı, günlərin birində Azərbaycan millisində oynamaq təklifi aldım.

- Azərbaycanda ilk qazancın 200 dollar olmuşdu. Maraqlıdır, ölkəmizi tərk edəndə nə qədər idi?

- AZAL-dakı son müqaviləm aylıq 20 min dollar idi.

- Kasıbçılıqla böyüyən futbolçuların əksəriyyəti böyük pullar görən kimi özlərini itirirlər. Bahalı maşın, klub-restoran, qumar, içki məclislərinin həvəsinə düşürlər. Səndə necə oldu?

- Mənim bunları etmək şansım yox idi. Qazandıqlarımı həm özümə xərcləməliydim, həm də ailəmə və qohumlarıma əl tutmalıydım. Bununla yanaşı biznes də qurmalıydım ki, karyeramı başa vurandan sonra ac qalmayım. Bilirdim ki, futbolu qurtaran kimi bir neçə il pul qazanmayacağam. Ona görə də Nigeriyada apartmanlar alırdım. Hazırda kirayə verdiyim dörd evim var. Halbuki, daha çox ola bilərdi.

- Kim mane oldu?

- Afrikada bilirsiniz necədir? Hansısa nəsildən normal pul qazanan futbolçu çıxırsa, hamı gözünü ona dikir. Gündə biri zəng vurur. Biri təhsil almaq istəyir, o biri ev tikmək, bir başqası biznesə yatırım etmək üçün borc xahiş edir. Futbolçu oynadığı dövrdə investisiya edə bilmir, çünki buna vaxtı olmur. Bəzi qohumlarım var idi, onlar məndən biznes adı ilə borca pul istəmişdilər, mən də inanıb vermişdim. Karyeramı başa vurandan sonra pullarımı geri istəyəndə “yoxdur” dedilər. İndiyə qədər də zəhmətlə qazandığım pulları qaytarmayıblar.

- Böyük məbləğ idi?

- Əlbəttə. Həmin pulla indi iki ev ala bilərəm.

- Səhv etmirəmsə, “Tavşanlı Linyitspor”dan da maaşını ala bilməmişdin.

- “Tavşanlı”dan da ala bilmədim, “Simurq”dan da. İki il demək olar pulsuz oynadım, cibimdən xərclədim. Yaxşı ki, yanımda həyat yoldaşım kimi ağıllı qadın var idi. O mənə çox dəstək oldu. Bu gün dörd evə sahib olmağımın səbəbkarı xanımımdır. Pullarıma o nəzarət edirdi. Təəssüf ki, bəzi anlarda sözünə qulaq asmadım. Təsəvvür edin, karyeramı başa vuranda cibimdə bir avro da yox idi. İki klubdan pulumu ala bilməmişdim, xeyli məbləğ də qohumlarda borc kimi qalmışdı. Başıma gələnlərdən sonra həyatın nə olduğunu başa düşdüm. Çətin günləri geridə qoyduq, indi hər şey yaxşıya doğru gedir.

- Legionerlərin Azərbaycan millisinə dəvət olunması futbol ictimaiyyətində qıcıq doğururdu ki, onlardan biri də sən idin. Səncə, Azərbaycan millisində əcnəbilərin oynaması normaldır?

- Bu təcrübəyə dünyanın az qala bütün ölkələrində rast gəlmək olar. İngiltərə millisinə baxın, görün nə qədər qaradərili var. Məgər onlar əslən britaniyalılardır? Xeyr. Türkiyə yığmasında da əcnəbilər oynayıb. Mənə görə milliləşdirmək olar, ancaq həmin futbolçuların səviyyəsi yerlilərdən qat-qat üstün olmalıdır.

- Dediyin problem hələ də davam edir. Uşaq futbolu bərbad durumdadır.

- Futbolçu uşaq yaşlarından düzgün yöndə yetişmirsə, gələcəkdə ondan tam istədiyini almaq mümkün deyil. Digər problem azərbaycanlı futbolçuların ölkəni tərk etmək istəməməsi, ya da legioner həyatını erkən başa vurmasıdır. İnkişaf etmək üçün mütləq xaricə getmək lazımdır. Özümdən danışım.

- Buyur.

- 2013-cü ildə AZAL-da oynayırdım və bayaq dediyim kimi, aylıq maaşım 20 min dollar idi. Həmin vaxt mənə “Tavşanlı Linyitspor”dan aylıq 15 min dollar şərti ilə təklif gəldi. Üstəlik, komanda birinci liqada mübarizə aparırdı. Oğlum balacaydı, ailəm Bakıda yaşayırdı, AZAL-da daha çox qazanırdım, ətrafında xeyli dostlarım vardı. Getməyə bilərdim də, düzdür?

- Başqası olsaydı, bəlkə də getməzdi.

- Amma mən getdim. Niyə? Çünki 31-32 yaşım olsa da, özümə güvənirdim. İstəyirdim daha geniş publikanın önündə oynayım, daha çox reklam olunum, daha çox tanınım. O dönəmdə Super Liqada illik 1 milyon dollar qazanan futbolçular var idi. Fikirləşirdim ki, mənim onlardan nəyim əskikdir? Gedəcəm, “Tavşanlı”da uğurlu olacam, növbəti mövsümdə Super Liqada oynayacam. Bu düşüncəylə getmişdim Türkiyəyə. Hə, alınmadı, pulumu vermədilər, bu, başqa söhbətin mövzusudur. Vacib olan futbolçunun öz qarşısına məqsəd qoyması, daim yüksəklərə can atmasıdır. İndi deyə bilmərəm, o vaxt azərbaycanlı futbolçularda bu çatmırdı. Nigeriyadan Rusiyaya getməsəydim, Sankt-Peterburqdakı aclığa tab gətirməsəydim, Azərbaycanda qalmaq üçün səy göstərməsəydim, indi Allah bilir haradaydım.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU