Elxan Məmmədovun probleminə məlhəm olan koronavirus

12 Mart 2020 19:02 Milli komanda 613
Elxan Məmmədovun probleminə məlhəm olan koronavirus

Azərbaycan millisi hələ də baş məşqçisizdir.

Ölkənin bir nömrəli komandası sonuncu dəfə baş məşqçini keçən il görüb.

Daha doğrusu, yola salıb. Nə az, nə çox, düz 3 aydır «nə gəldim» deyən var, nə də «kimisə gətirdim» deyən. Baş məşqçi təyinatının məsuliyyətini daşıyan Elxan Məmmədov hələ də qərar verməyib. Bilmir hansı əcnəbini gətirsin.

Arada fikirləri qarışıb, yerli eşqinə də düşür. Düşünür, hansı yolu seçsin ki, daha faydalı olsun. Təbii ki, milli üçün yox, futbolumuz üçün yox, özünün gələcək karyerası üçün.

Gələcək istənilən baş məşqçinin uğursuzluq yaşayacağı, onsuz da, məlumdur. Bu milli, bu futbolçu potensialı yaxşı nəticələr üçün yetərsizdir.

Yetərli olmasına isə indi yox, illərdir futbolumuzda bərbad idarəetmə ilə məşğul olanlar cavabdehdir. Bu cavabdehlikdən boyun qaçırmağın tək yolu elə baş məşqçi «oyun»una davam etməkdir.

Gələnə uğursuzluq damğası vurub yola salmaqla, vaxt udmaqla. Sanki ölkə futbolunun tək dərdi yaxşı baş məşqçinin yoxluğudur.

Öncə «martın əvvəli yeni baş məşqçinin təyinatı açıqlanacaq» dedilər. Sonra vaxt uzandı Novruz bayramına. Düşündülər, təyinata təzyiqlər bayram ərəfəsində az olar, yəqin

İstəsələr də, istəməsələr də, bu tarix son dirəniş vaxtı idi. Çünki martın 23-dən 31-dək Maltada təlim-məşq toplanışı planlaşdırılırdı.

Toplanışa aparmaq üçün komandanın heyətini açıqlayacaq, onu meydana çıxaracaq bir kişi olmalıdır, ya yox? Bu zərurətdən doğan məcburiyyət yeni baş məşqçi təyinatını labüd edirdi.

Deyəsən, heç kimin ağlına gəlməyən plan da Elxan Məmədovun ağlına gəlmişdi. Nikola Yurçeviçin yanında köməkçi işləyən Arif Əsədov komandanı Malta toplanışına aparacaqdı.

Yaya kimi Əsədovun sərəncamında olacaq milli yayda Rəşad Sadıqova təhvil veriləcəkdi. Plan belə idi ..

Amma son ana kimi icraçı vitse-prezident gözləmə mövqeyində qalmışdı. Çünki fərqində idi ki, bu təyinat futbol ictimaiyyətində heç də az rezonas doğurmayacaq.

Ağıllı Məmmədov sona kimi gözləməklə vaxt qazanırdı. Son anda müsbət hansısa dəyişiklik olar deyə.

Bu dəfə də koronavirus onun dadına çatdı. Artıq millinin Malta toplanışı məlum virusa görə ləğv edilib. Bu isə Məmmədov üçün maya kimi vaxt qazanmaq deməkdir. Çünki növbəti yoldaşlıq görüşü o vaxta təyin olunub.

Azərbaycan futbolu ilə «siçan-pişik» oyunu oynayan adama bundan gözəl nə nemət və hədiyyə ola bilərdi?

Dünyanın bu xəstəlikdən qurtulmaq üçün mübarizə apardığı bir vaxtda bizim köhnə-yeni baş katibimiz məhz o virusla özünü qorumuş oldu. Amma nə vaxta kimi?

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu