
"Bu komanda ilə getməli olduğum yolu getdim.
Lazımi qiymətləndirmələri edərək, nəticə baxımından qeyri-adi işlərlə maksimuma çatdığımı düşünürəm".
Sportinfo.az xəbər verir ki, bu sözləri İtaliyanın "TuttoMercato" nəşrinə açıqlamasında Azərbaycan millisinin baş məşqçi vəzifəsindən ayrılan Canni De Byazi deyib.
De Byazi AFFA-nın onunla müqaviləni yeniləməməsi haqqında danışıb:
“Mən perspektivi olan kifayət qədər gənc komandanı tərk edirəm. Burada dayanıram.
Hər şeyin əvvəli olduğu kimi sonu da olur. Mənim də oradakı işim bitdi".
İtaliyalı mütəxəssis Azərbaycan millisinin durumu və yığmanın onun baş məşqçiliyi altında keçirdiyi oyunlar barədə də fikirlər səsləndirib:
"Azərbaycan reytinqdə 120-ci yeri tutan milli komandadır. İstənilən halda biz İsveç kimi yüksək reytinqli komandaları 3:0 hesabı ilə məğlub etməyi bacardıq.
Sonra da Belçikaya 0:5 hesabı ilə uduzsaq da, komandanın meydanda necə mübarizə apara bildiyini göstərdik. Elə Avstriyaya qarşı görüşdə də".
67 yaşlı məşqçi gələcək karyerası haqda bunları deyib:
"İndi yeni ilin gəlişini gözləyirik. 2024-cü ildə nəzərdən keçirmək üçün bir seçim olacaqsa, onu qiymətləndirməyə hazıram".
Canni De Byazi 2020-ci ildən Azərbaycan millisinə baş məşqçilik edirdi. Onun rəhbərliyi altında komanda Avro-2024-ün seçmə mərhələsini 7 xalla 4-cü pillədə başa vurub.