Azərbaycan millisindən ayrılığın notları: “Başqa nə edə bilərəm?”

26 Mart 17:40 Milli komanda 2 141
Azərbaycan millisindən ayrılığın notları: “Başqa nə edə bilərəm?”

“Milli komanda karyeramın başa çatdığını demək olar, çünki bu dəfə də dəvət olunmadım”.

Bu sözləri “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev Sportinfo.az-ın Azərbaycan millisindəki gələcəyi ilə bağlı sualını cavablandırarkən deyib.

Müvəqqəti baş məşqçi Arif Əsədovun Monqolustan və Bolqarıstanla oyunlar üçün düşərgəyə dəvət etdiyi futbolçular arasında Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Toral Bayramov və Elvin Cəfərquliyev yer alsalar da, “Qarabağ”ın kapitanının adına rast gəlmədik.

Halbuki, 34 yaşlı müdafiəçi Premyer Liqada 27 oyunun 16-da meydana çıxıb, 13-də əsas heyətdə yer alıb.

20 ilə yaxındır ağdamlıların uğurları üçün tər tökən Maksim buna görə narahat deyil. Heç vida oyunu barədə də düşünmür:

“Seçim Arif Əsədovundur. Qərarına hörmətlə yanaşmaqdan başqa nə edə bilərəm?

Yəqin ki, millinin bundan sonrakı planlarında yoxam. Gənc yaşlarımda, formada olan vaxtlarımda çağırırdılar, can-başla oynayırdım.

Futbol karyerası ömürlük deyil. Gec-tez qurtarmalıyam.

Yaşa dolandan sonra gənclərə yol açılır. Vida oyununa görə də, açığı, dəvət gözləmirəm.

O qədər futbolçular olub ki, millidən sakit şəkildə gediblər. Dəvət göndərməyiblər, vəssalam, uzaqlaşıblar”.

2009-2022-ci illər aralığında Azərbaycan millisinin uğurları üçün tər tökən “5 nömrə” bu müddətdə meydana çıxdığı 81 oyunda 4 qolla yadda qalıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!