Yeni AFFA-dan müstəsna səlahiyyət aldı - Millinin yeni baş məşqçisini təkbaşına seçəcək

1 Aprel 13:00 Milli komanda 3 282
Yeni AFFA-dan müstəsna səlahiyyət aldı - Millinin yeni baş məşqçisini təkbaşına seçəcək

Məlum olduğu kimi, aprelin 2–də AFFA prezidenliyinə və İcraiyyə Komitəsinə (İK) seçkilər keçiriləcək.

Quruma SOCAR-ın prezidenti Rövşən Nəcəfin rəhbərlik edəcəyi dəqiqləşib.

Elə həmin gün AFFA İK-nin yeni tərkibdə ilk iclası da keçiriləcək. Təbii ki, yığıncaqda müzakirə ediləcək əsas məsələlərdən biri millinin baş məşqçi vəzifəsinə namizədlə bağlı olacaq.

Yeni çalışdırıcının yenə əcnəbi olacağı gözlənilir. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da belə bir təklif almadığını deyib.

Baxmayaraq ki, o, son açıqlamasında millidə işləmək istəyini gizlətməyib. Yəni məşqçi tərəfdən istək var, amma AFFA-dan təklif yoxdur.

“Kəpəz”lə Premyer Liqa matçından (6:1) sonra keçirilən mətbuat konfransında Q.Qurbanov ona ünvanlanan milli ilə bağlı suala belə cavab verib:

“Milli komandanın baş məşqçi vəzifəsi üçün heç bir danışığımız olmayıb. Əvvəllər də mənə bu suallar verilib.

Təklif olsaydı, müzakirəsi mümkün idi. Amma hamımızın da bildiyinə və eşitdiyimizə görə, deyəsən, baş məşqçi xarici olmalıdır.

Bəlkə də 1 ay əvvəl belə fikir var idi. Əfsuslar olsun ki, məsələ haqda bir fikir bildirə bilməyəcəm”.

Milli mövzusunda maraqlı məlumat əldə etmişik. Redaksiyamıza məlum olub ki, 2004-cü ildən AFFA-nın vitse-prezidenti vəzifəsini tutan Elşad Nəsirovun yeni rəhbərlikdə də yer alması sırf yuxarıdakı məsələylə bağlıdır.

O, Rövşən Nəcəfin dövründə də ölkənin əsas yığması ilə bağlı əsas söz sahibi olacaq, açar fiqur kimi burada saxlanılacaq. Kimi istəyəcək, nə deyəcək, AFFA-nın yeni başbilənləri də onu icra edəcək.

Nəsirov qurumun binasına gəlib-getməyəcək. başqa işlərə qarışmayacaq, bilavastə milliyə məsuliyyət daşıyacaq. Nəcəfin çevrəsi ilə onun arasında razılaşma bundan ibarətdir.

Bu şəxsin istəyi də əvvəldən bəllidir - əcnəbi. Nəsirov heç bir yerli mütəxəssisi ölkənin bir nömrəli komandasının sükanı arxasında görmək istəmir.

O, bu məqsədlə 5 ay öncə yaradılmış İşçi Qrupunun onlayn iclasında da öz mövqeyini açıq formada dilə gətirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti