COP29

"Onların pulu var? Adamın öz uşaqlarımıza yazığı gəlir"

1 Aprel 02:10 Milli komanda 1 371
"Onların pulu var? Adamın öz uşaqlarımıza yazığı gəlir"

Avropa çempionatının seçmə mərhələsində iştirak edən yığmamız son iki oyunda böyükhesablı məğlubiyyətlərlə yadda qaldı.

Əvvəlcə İngiltərəyə 1:5 hesabı ilə uduzan Samir Əliyevin komandası daha sonra Ukraynaya da məğlub oldu - 0:3.

Nəticə bir yana, komanda demək olar, mübarizə göstərmədi. Sanki futbolçular meydana ilk dəfə idi çıxırdılar.

Bununla belə, U-21 millimizin üzvlərini qınamaq da olmur. Çünki əksəriyyəti oynadıqları klublarda əsas heyət üzvü deyil. Həm də Premyer Liqa təcrübəsi görmürlər.

Elə Şakir Qəribov da yığmanın zəif oynamasının səbəblərini bu kimi amillərdə görür.

Sportinfo.az xəbər verir ki, AFFA-nın Məşqçilər Komitəsinin üzvü, vaxtilə U-21 millimizi çalışdırmış mütəxəssis qaynarinfo-ya açıqlamasında komandanın zəif çıxışının səbəblərindən danışıb:

"Güclü rəqiblərlə oynadıq. Ukrayna millisi hazırda liderdir. Həm İngiltərə, həm də Ukrayna yaxşı komandalardır. Çoxdandır İngiltərəni belə oynayan görmürdüm. Həm topla yaxşı oynayırdılar, həm də meydançanın bütün hissələrindən istifadə edirdilər. Ukrayna da maraqlı oyun göstərir. Hətta İngiltərədən temp baxımından bir qədər üstündürlər. Doğrudan da ən seçilən komandalardır. Həm də baxırsan ki, artım var".

Qəribov bizim millinin problemlərini uşaq futbolundakı çatışmazlıqlarla əlaqələndirib:

"İndi onlarla özümüzü müqayisə etmək olmaz. Onların bünövrəsində, yəni aşağı yaş qruplarında irəliləyiş çoxdur. Bir qədər xırdalığa getsək, bizdə əsas heyətdə ən yaxşılar kimlərdir? Emil Səfərovdur, o da sonuncu yerdə olan "Qəbələ"dədir. Öz uşaqlarımızı günahlandırmayaq, ancaq müdafiə də etmək fikrində deyiləm. Bu rəqiblərlə fərqimiz çoxdur. Həqiqətə baxıb nəsə deməliyik. Baxın, orta xətdə "Neftçi"nin "Turan Tovuz"a verdiyi Fərid oynadı, zədələndi. Veysəl Rzayev yox idi. Hazırda Bolqarıstanda oynayan Cəlal heyətdə idi. Ukrayna ilə oyunda istək gördüm. Amma futbol təkcə istəklə olmur. Sistem lazımdır, fərdi ustalıq, oyun praktikası olmalıdır. Çox şey çatışmır bizim uşaqlarda. Samir Əliyev və onun köməkçiləri nə etsin ki, uşaqlar oynamırlar. İkinci oyunda qol vəziyyətləri yaratdıq. Düzdür, səviyyə, stil baxımından həm Ukrayna, həm də İngiltərədən aşağıdayıq. Bizimkilər isə istəkli olmalarına baxmayaraq, az oynayırlar. Premyer Liqada şans qazanmırlar. Arada fərq böyükdür. Öz uşaqlarımıza adamın yazığı gəlir. Çünki İngiltərə, Ukrayna millilərinin üzvləri əsas çempionatlarda oynayırlar, bizimkilər yox. Belədə onlara qarşı çıxıb meydanda nə edə bilərik ki? Futbolçularımız oynamadıqdan sonra hansı sistemdən danışaq?".

Qəribov Samir Əliyevin yığmadakı işinə də toxunub:

"Ona dəstək verməliyik. Bu gün ondan çox şey tələb edə bilmərik, çünki əlində "material" yoxdur. İstəyi, fikiriləri, ideyaları çoxdur. Amma uşaq fiziki və taktiki cəhətdən hazır deyilsə, Samir hansı variantdan istifadə etməlidir? Məşqçiləri qınamalı deyilik. Uşaqlar oynamalıdır ki, məşqçilər də qiymət versin. "Material" olduqdan sonra ondan nəsə tələb edə bilərik. Deyə bilmərik futbolçu yoxdur. Sadəcə, onlar əsas heyətdə oynamalıdır. Futbolçu məşqdə deyil, oyunda inkişaf edir. Baxırsan ki, heyətdə az-çox Nəriman Axundzadə ilə Emil oynayır. Futbolçu oynamalıdır ki, bacarıq da gözləyək. Mütəxəssis kimi baxırıq, amma uşaqlar oynamayandan sonra nə deyə bilərik? Fikrimcə, ən yaxşı uşaqlar seçilmişdi. İnanmıram ki, kənarda qalan var".

Klubların Premyer Liqada gənc futbolçularımıza şans verməməsinin səbəblərini mütəxəssis belə şərh edib:

"Bizdə o pisdir ki, hər komanda birinci yerə çıxmaq, nəticə istəyir. Sonuncu pillədə olan da nəticə qazanmağa çalışır. Bilirsiniz, əvvəlcə işləmək lazımdır ki, sonra nəticə olsun. Elə bütün klublarımız Avropada oynamaq istəyir. Bunun üçün hazırlıq olmalıdır. Sponsor varsa, bu o demək deyil ki, dərhal Avropada oynamalıyıq. Komandanı, uşaqları hazırlamalısan. Əvəzedicilərin, ehtiyat oyunçuların olmalıdır. 14-15 nəfərlə Avropa gedə bilərsən? "Sabah" keçən və bu il necə oynadı? O cümlədən "Neftçi"... Hamızı istəyərik ki, bütün klublarımız yaxşı oynasın. Amma yoxdur axı. Bir "Qarabağ"dır, çempionatda stabil oynayan ikinci komanda yoxdur. Həmçinin "Zirə"ni də bura əlavə edərdim. Sabit oyun yoxdur. İki oyun yaxşı görünürlər, üçüncüdə zəif. Dünən Gürcüstan millisi Avropa çempionatının final mərhələsinə vəsiqə qazandı. Gördünüz necə oynadılar! O cümlədən, Uels, Ukraynanı qeyd etmək mümkündür. Gürcülərin futbolçuları hamısı xaricdə oynayır. Öz çempionatlarında oynayanlar yoxdur. Ona görə də vəsiqə qazandılar. Bizdə də ən yaxşı oynayan Mahir Emreli ilə Musa Qurbanlıdır. Musaya ümidimiz böyükdür, gəncdir. Mahir Xorvatiyada oynayır. Komandası yaxşıdır, çempionatları gcülüdür. Biz Mahirdən çox şey gözləsək də irəli getmir. Ona görə də axsayırıq. Ümidimizi qırmaq da olmaz. Həddindən artıq çox işləmək lazımdır. Uşaqlara şərait yaradılmalıdır. Şərait deyəndə, pulu nəzərdə tutmuram. Meydança, struktur, sistem olmalıdır. Təkcə pulla düzəlmir. Gürcüstanda pul var? Amma bütün oyunçuları xaricdə çıxış edir. Ümidimizi üzməyək, fikirlər düzgün olmalıdır”.

Digər Xəbərlər
Xəbər Lenti