Rövşən Nəcəf Rövnəq Abdullayev olmasın, yoxsa…

27 Mart 14:40 Milli komanda 3 451
Rövşən Nəcəf Rövnəq Abdullayev olmasın, yoxsa…

Gürcüstan Avropa çempionatlarının tarixinə 39-cu komanda olaraq keçdi.

Yaxın qonşularımız AVRO-2024-ün final mərhələsinə vəsiqə qazandı.

Tarixində ilk dəfə belə böyük uğur əldə edən gürcülərin sağ əli AFFA-nın və futbolçularımızın başına!

Biz, həmişə olduğu kimi, yenə kənardayıq. Bu qəbildən olan mötəbər turnirlərdə iştirakı yalnız yuxuda görə və sadəcə, arzulaya bilərik.

Rövnəq Abdullayev aprelin 2-də AFFA-nın prezidenti vəzifəsi ilə vidalaşacaq. Beləcə, SOCAR-ın sabiq şefinin 16 illik futbol dəftəri də birdəfəlik bağlanacaq.

Abdullayev AFFA-nın başına gələndə illər 2008-i göstərirdi. 16 il bir igidin ömrüdür və bu müddətdə nələr etmək, hansı işləri görmək olmazdı ki…

Dövlətin bu sahəyə yatırdığı vəsaitlə dağı dağ üstünə qoymaq mümkün idi, min dəfə təəssüf ki, Abdullayev ona tapşırılan işə barmaqarası yanaşdı.

Əlbəttə, o, 16 illik hakimiyyəti dövründə AFFA-da 16 dəfə gəlib-getməyib, bütün səlahiyyətləri Elxan Məmmədova ötürüb, icraçı vitse-prezident və baş katibin sözüylə oturub-qalxıb. Onda bu işlərin axırı da belə olmalıydı.

Federasiyanın binasında özünə bir kabinet düzəltdirməyi bacarmayan, deyirsiz, bundan sonra qalsaydı, futbolu ağ günə çıxaracaqdı.

Yaxşı ki, gedir. Buna ancaq sevinmək, «getsin, bir də qayıtmasın» demək lazımdır.

Gürcüstan Futbol Federasiyasının əsas tərəfdaşı SOCAR-ın bu ölkədə fəaliyyət göstərən törəmə şirkətidir. «SOCAR Georgia» illərdir yerli quruma maliyyə dəstəyi verir. Orada da pul SOCAR-dan çıxır, burada da.

Gürcülərin Qurban Qurbanovu yoxdur, amma finallara qalan milli komandaları var. necə olur bu?!

Çox sadə - Azərbaycanın neft və qaz borusu hesabına büdcəsini formalaşdıran gürcülər öz futbol təsərrüfatını bu sahənin şinelindən çıxanlara etibar edib, bizdə isə hər yoldan ötən, marketoloq, psixoloq, nə bilim, genekoloq və digər «koloq-moloqlar» AFFA-nın idarəetməsində önəmli yerlərə gətirilib.

Nə qədər funksioner var ki, anasının, bacasının, xanımının, dayısının, əmisinin hesabına federasiyada vəzifə tutub.

Gürcülər illər əvvəl futbolda kardinal islahatlar apardı, federasiyanı artıq-artıq adamlardan təmizlədi, maxinatorları ifşa etdi, həbsxanalara göndərdi, gəlib bugünlərə yetişdilər.

Rövşən Nəcəfin üzərinə düşən də budur. Yeni prezident AFFA-ya süpürgə çəkməsə, biz bu gün gürcülərin, sabah ermənilərin futbolda belə nəticələr əldə etməsinə baxa-baxa qalacağıq.

Nəcəf iş başına keçər-keçməz, «dəmir yumruğ»unu masanın üzərinə çırpmalı, Qurban Qurbanov başda olmaqla, futbol bilicilərinin məsləhətləri ilə sistemli fəaliyyət proqramını həyata keçirməlidir.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!