Azərbaycan millisi 2024-cü ildə ilk qələbəsini qazandı.
Bakıda Monqolustan seçməsi ilə qarşılaşan yığmanın son dəqiqə qolu ilə gələn qələbəsi futbol ictimaiyyəti tərəfindən xoş qarşılanmadı.
Futbolsevərlərin narazılığı anlaşılandır. Düz-əməlli 2-3 ötürmə verə bilməyən, cərimə meydançamıza yaxınlaşmağa qorxan, qapısında daha çox top görməmək üçün dəridən-qabıqdan çıxan monqollar üzərində 1:0 hesablı qələbə könüllərə su səpə bilməzdi.
Ölkənin bir nömrəli futbol komandası düşünmülmüş hücumlar qura bilsəydi, Ramil Şeydayevlə Renat Dadaşov həlledici anlarda topu rəqib qapıçının üzərinə vurmasaydı, Monqolustan Bakıda tarixin ən acı yenilgisi ilə üzləşə bilərdi.
Etirazın qarşısında fakt qoyanlar da az deyil. Bəziləri düşünür ki, seçməmiz 90 dəqiqə rəqibini öz qapısına sıxışdırıb, bütün komponentlərdə üstələyib, azı 10 real qol şansı yaxalayıb, lakin qapıçıları mükəmməl oyunu ilə hesab arasındakı fərqin böyük olmasına imkan verməyib.
Bolqarıstanla bu axşamkı oyun bəhanələrə yer qoymayacaq. 90 dəqiqə ərzində bizimkilərin nəyə qadir olduğunu görəcəyik. İstər müdafiə, istərsə də hücum planında.
Millimizin qarşısında monqollar yox, İngiltərə, İtaliya, Niderland, Şotlandiya, İsrail, Yunanıstan, Türkiyə kimi ölkələrdə legioner həyatı yaşayan futbolçulardan qurulmuş komanda dayanacaq.
Məhz belə rəqiblə oyunda əcnəbi məşqçisiz Azərbaycan yığmasının əsl siması üzə çıxacaq. Uğursuzluq fonunda heç bir bəhanə əsaslı sayılmayacaq.
Haydi milli, göstər gücünü
HƏBİB

