Azərbaycan millisi bu gün növbəti matçını keçirəcək.
Martın 22-də Monqolustanı məğlub edən (1:0) yığmamızın bu axşamkı rəqibi Bolqarıstandır.
Oyunu Estoniyadan olan hakimlər briqadası idarə edəcək.
Kristo Tohver meydanda yaşananlara birbaşa nəzarət edəcək. Yan xətlərdə ona Sander Saqa ilə Sten Klaasen kömək edəcəklər. Dördüncü hakim funksiyasını həmyerlimiz İnqilab Məmmədov yerinə yetirəcək.
42 yaşlı Tohver kifayət qədər təcrübəli hakimdir. 20 yaşında ölkəsinin yüksək liqasında debüt etməklə Estoniya futbolunun tarixinə düşən ədalət təmsilçisi 29 yaşından yaxasında FİFA-nın emblemini daşıyır.
Sözügedən hakimi bizimkilər üçün tanış sima hesab etmək olar. Belə ki, estoniyalı referi indiyə qədər iki dəfə Azərbaycana səfər edib. Və hər iki halda “Qarabağ”ın oyunlarında iş başında olub.
İlk dəfə 2019-cu ilin dekabrında “köhlən atlar”ın bacarığını yaxından görüb. Qurban Qurbanovun yetirmələri Avropa Liqasının qrup mərhələsində Bakıda “F91 Düdelanj”la qarşılaşanda, Tohver komandaları meydana çıxarıb.
Sonradan “Neftçi”nin şərəfini qoruyan Sabir Buqrinin Şahruddin Məhəmmədəliyevi məyus etdiyi qarşılaşmanın 46-cı dəqiqəsində məhz bu hakim Qara Qarayevə ikinci sarı vərəqəni göstərərək meydandan qovub. Donald Geryenin əsas vaxta əlavə olunmuş 3-cü dəqiqədə vurduğu qol ağdamlılara 1 xal qazandırıb.
Kristonun Bakıya növbəti, həm də sonuncu səfəri 2021-ci ilin avqustuna təsadüf edib.
Konfrans Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Respublika stadionunda baş tutan “Qarabağ” – AEL oyunu ona tapşırılıb. “Köhlən atlar” bu dəfə də son dəqiqə qoluna sevinib. Kadi Borgesin 87-ci dəqiqədə vurduğu qolla “Qarabağ”a pley-offa yüksəlib.
Bu axşam Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Bolqarıstan qarşılaşması saat 20:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

