Bakıda “monqol dərsi” – Baxın, öyrənin!

24 Mart 18:10 Milli komanda 4 511
Bakıda “monqol dərsi” – Baxın, öyrənin!

Azərbaycan millisi 2024-cü ilə qələbə ilə başladı.

Davamını gətirmək mümkün olacaq, ya yox – başqa söhbətin mövzusudur.

2 ildir qələbənin nə olduğunu bilməyən Monqolustan millisinin qapısına 1 yox, azı 5 top vurmaq olardı. Əslində, vurmalıydılar da. Rəqibini bütün komponentlərdə üstələyən bizimkilər yalnız əsas vaxta əlavə olunmuş ilk dəqiqədə arzusuna çatdı.

Bu oyunda millini sözün yaxşı mənasında tanımaq mümkün deyildi. Futbola baxmağa başladığım 1994-cu ildən bu yana Azərbaycan yığmasını ilk dəfə bu qədər cəsarətli, dominant gördüm. Rəqibin heç-heçəni düşünərək öz qapısı qarşısında “oturması” futbolçuların əl-qolunu açmışdı.

Futbolçularımız milli formasında özlərini bəlkə də ilk dəfə dünya ulduzları səviyyəsində görürdülər. Təsəvvür edin, bizimkilər dayanmadan hücum edir, qapıya zərbələr endirir, korner və cərimə zərbələri sıralanır, amma top qapıya daxil olmaq istəmirdi.

Sanki millimiz Almaniya idi, monqollar isə Azərbaycan seçməsi. Bütün komponentlərdə arada uçurum fərqi özünü göstərirdi. Amma monqollardan bir fərqimiz var idi.

İndiyə qədər güclü rəqiblərlə qarşılaşmalarda Azərbaycan millisinin monqollar qədər inamla müdafiə olunduğunu, qapıçının bu dərəcədə xoş təsir bağışladığını yadıma salmaqda çətinlik çəkirəm. Boşuna yaddaşınızı gücə salmayın. Çünki bu günə belə şey olmayıb.

Rəqiblər bizimkiləri topla “döyəndə” ya topu öz qapımıza vurmuşuq, ya qapıçımız kobud səhv(lər) edib, ya da qapımızı aşsüzənə döndəriblər. Ona görə ki, yığmamız müdafiə olunmağı, kollektiv şəkildə yumruğu bir yerə vurmağı bacarmır.

Bəli, Monqolustan meydanı məğlub tərk etdi. Amma tablodakı rəqəmlərə görə, oyun planında yox. Onların döyüşkənliyi, bizimkilərin ayaqlarını qoyduqları yerə başlarını soxması nəyə dəsən deyərdi. Eynilə “Bayer” – “Qarabağ” qarşılaşmasını xatırlatdı bu oyun. Almanların meydanı qələbə ilə tərk etməsinə baxmayaraq, könüllərdəki qələbəni ağdamlılar əldə etmişdi.

Azərbaycan – Monqolustan oyununa səthi yanaşmaq lazım deyil. Futbolçular 90 dəqiqə ərzində qonaqların necə müdafiə olunmalarına təkrar-təkrar baxmalı, öyrənməlidirlər. Güclü rəqiblərin qarşısında “Avropanın Monqolustanı” statusunu daşıyanda, biabır olmamaq üçün.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti