Nəyə sevinirsən, ay zalım?

24 Mart 16:30 Milli komanda 4 582
Nəyə sevinirsən, ay zalım?

«Əşşi, monqollardır da…».

Millimizin futbolçuları dünən bu fikirlə ilin ilk oyununa çıxdı.

Başlarında da Canni De Byazidən «təpikli təbrik» almış Arif Əsədov.

On qol vuracaqlarını güman etmirdilər. Bu, komandamızın formasını geyinən heç bir futbolçunun yuxusuna da girməyəcək bir hesabdır.

Sadəcə, əmin idilər ki, asan qələbə qazanacaqlar. Öz aləmlərində «dörd-beş qol vurarıq, bəsimizdir» deyirdilər.

Monqolları belə bilməzdilər. Bu monqollar da, nə monqollar! Doğru-dürüst futbol oynamağı bacarırlarmış ey!

Bizimkiləri çox yordular. Səviyyə odurmu, o deyil. Qətiyyən güclü komanda sayılmaz. Monqolustan Avropa zonasında çıxış etsə, seçmə mərhələdə ən az xal toplayan ölkələrdən biri olar.

Bəlkə də qrup oyunlarının hamısını məğlubiyyətlə bitirərlər. Və bəlkə də heç qol sevinci də yaşamazlar.

Belə bir sparrinqə yalnız artırma dəqiqələrində 1 qol vurursansa, sənin futbolçularına da, məşqçilərinə də ayıb olsun!

Arif Əsədova bax e, Bəhlul Mustafazədənin toru silkələyən baş zərbəsindən sonra hələ özündənrazı bir duruş alır.

Sifətindən məmnunluq yağa-yağa suyu başına çəkir. Nəyə sevinirsən, ay zalım?

Sənin yerinə monqolların o yapon məşqçisinin sevinməyə haqqı çatır ey!

Oyunun 90 dəqiqəlik əsas bölümündə qapının toxunulmazlığını təmin etdilər. Bizimkilərin qol epizodu az oldu, çox oldu, bunlar ikinci dərəcəlidir, oyunun tarixdə qalmayacaq tərəfidir.

Fakt odur ki, monqollara gözlədiyimiz və arzuladığımız qədər qol vurmağı bacarmadıq.

Futbolçularımız arasında gərginlik aşkar sezildi. Ramil Şeydayev az qala hamının üstünə qışqırırdı.

Digərləri də ona baxıb, dodaqaltı deyinirdilər. Komandanın başında nüfuzlu biri dayansaydı, «ip»lərini çəkərdi.

Ona hörmətdən, yaxud qorxudan cınqırlarını da çıxarmazdılar. De Byazinin o məşhur «təbrik təpiy»indən sonra millidə qalmağı özünə sığışdıran Əsədova nə dəyər verməlidirlər ey!

MUSA

Digər Xəbərlər
Xəbər Lenti