"Qarabağ"dakı futbolçulara televizorda baxmışdıq, bu xəbər bizim üçün çox təəccüblü oldu”

24 Mart 02:20 Milli komanda 7 935
"Qarabağ"dakı futbolçulara televizorda baxmışdıq, bu xəbər bizim üçün çox təəccüblü oldu”

"Azərbaycan millisini təbrik etmək istəyirəm. Komanda şəklində layiq olduqları qələbəni qazandılar".

Sportinfo.az xəbər verir ki, bunu "report"a "FIFA series - Edition 2024" layihəsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən Azərbaycan - Monqolustan matçından sonra rəqib müdafiəçi Bayertsenqel Purevdorj deyib.

27 yaşlı futbolçu millimizə qarşı çıxışı barədə danışıb:

"Azərbaycana qarşı olduqca çətin bir matç keçəcəyini bilirdik. Dünya reytinqində də onlardan qat-qat geri qalırıq. Yekun nəticə də bunu göstərdi. Bizim üçün tarixi matç idi. Azərbaycan millisi Avropadan qarşılaşdığımız 2-ci rəqibdir. Komanda yoldaşlarımla fəxr edirəm. Onlar sonadək döyüşdülər. Son dəqiqələrdə qol buraxdıq. Nəticə ürəkaçan olmadı".

Purevdorj Azərbaycan millisinin üstün çıxış etdiyini vurğulayıb:

"Nəticə ürəkaçan olmasa da, ədalətlidir. Azərbaycan millisi bizi kifayət qədər təzyiq altında saxlamağı bacarırdı. Onlar hər dəqiqəni meydanın bizə aid olan hissəsində keçirirdilər. Azərbaycan millisinin müdafiə xətti mükəmməldir. Orada "Qarabağ"da çıxış edən futbolçular da var. Biz onların oyununa televizorda baxmışdıq. Ötən həftə bu futbolçular "Bayer 04"ə qarşı olduqca baxımlı performans sərgiləmişdilər. Hazırda isə biz onlarla bir meydanda qarşılaşdıq. Onlara qarşı oynayacağımızı eşidəndə, bu xəbər bizim üçün çox təəccüblü oldu".

Digər Xəbərlər
Xəbər Lenti