Yaxın adamı De Byazinin düzənini necə pozdu?

20 Mart 16:05 Milli komanda 990
Yaxın adamı De Byazinin düzənini necə pozdu?

Azərbaycan millisinin müvəqqəti baş məşqçisi Arif Əsədovun yığmanın “FİFA series – Edition 2024” layihəsi çərçivəsində Monqolustan və Bolqarıstan milli komandalarına qarşı keçirəcəyi oyunlar üçün dəvət göndərdiyi geniş heyətdə yeni adlar və əvvəllər dəvət alıb, bu dəfə kənarda saxlanılan futbolçuların olması diqqətdən qaçmadı.

İlk diqqət çəkən ad Türkiyədə legioner həyatı yaşayan Vüsal İsgəndərlidir.

Nəhayət, uzun fasilədən sonra onun da üzünə millinin qapıları açıldı. Son illər stabil legioner həyatı yaşayan futbolçumuzu nədənsə Canni De Byazi 3 ildən artıq idi yığma üzünə həsrət qoymuşdu.

Bu mövsüm "Neftçi"də parlaq çıxışı ilə yadda qalan Rza Cəfərovun dəvətlilər arasında olması da xoş hadisədir.

20 yaşlı gəncin inkişafı üçün milli havasını udması xoş haldır.

Əsədovun təqdir olunası qərarlarından biri də Emil Səfərov, Nəriman Axundzadə və Cəlal Hüseynovla bağlıdır.

O, yuxarıda adı çəkilən gəncləri Samir Əliyevin istəyilə gənclər millisinin sərəncamına yollayıb.

Çünki 21 yaşlılardan ibarət milli komandamızı qarşıda iki rəsmi oyun gözləyir.

Rəqiblər İngiltərə və Ukrayna kimi güclü kollektivlərdir.

Ağır oyunlarda bu futbolçular U-21 millisinə kömək etməyə çalışacaqlar.

Halbuki italiyalı mütəxəssisin dönəmində gənclər millisinin çalışdırıcısı Samir Əliyevin bu kimi istəkləri müsbət qarşılanmırdı.

Canni De Byazi onların əsas komandaya lazımlı olmasını əsas gətirərək U-21 yollanmalarını əngəlləyirdi.

Lakin sonra həmin futbolçuların xidmətindən istifadə etmirdi.

Qısası, özünə lazım olmadığı halda, gənclərin Samir Əliyevə kömək etməsinin də önünü kəsirdi.

Bu dəfə Arif Əsədovla Samir Əliyevin anlaşması məntiqlə də ən doğru olanıdır. De Byazi illərlə bu həqiqəti görməzdən gəlsə belə.

Bu, həm də onu deməyə əsas verir ki, yerli mütəxəssis milli komandada olanda millilik daha önə çıxır.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti