Millinin baş məşqçisinin menyusuna – Bu 7 nəfərə DİQQƏT!

11 Mart 23:00 Milli komanda 3 138
Millinin baş məşqçisinin menyusuna – Bu 7 nəfərə DİQQƏT!

Millimiz Bakıda təşkil olunacaq "FIFA series – Edition 2024” turnirində mübarizə aparacaq.

Ölkəmizin bir nömrəli futbol komandası martın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda Monqolustan, bundan 3 gün sonra sözügedən arenada Bolqarıstan seçmələri ilə üz-üzə gələcək.

Komandamızı turnir oyunlarına Canni de Byazinin istefasından sonra baş məşqçi səlahiyyətlərini yerinə yetirən Arif Əsədov çıxaracaq.

Təbii, baş məşqçi heyət seçimi zamanı əsas üstünlüyü ölkə xaricində top qovan futbolçulara verəcək – Şahruddin Məhəmmədəliyev, Ramil Şeydayev, Mahir Emreli, Musa Qurbanlı, Renat Dadaşov, Anton Krivotsyuk, Rahil Məmmədov, Cəlal Hüseynov, Coşqun Diniyev kimi legionerlər.

Əsədovun ikinci plandakı seçimi Premyer Liqanın təmsilçilərində top qovan tanınmışlar olacaq ki, namizədlərin adları böyük ölçüdə məlumdur – Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Toral Bayramov, Elvin Cəfərquliyev, Aleksey İsayev, Azər Salahlı, Emin Mahmudov, Qara Qarayev, Filip Ozobiç, Eddi İsrafilov, Amin Seydiyev, Anatoli Nuriyev, Emil Səfərov.

Heç şübhəsiz, siyahı daha geniş olacaq. Yeni, yaxud öncəki matçlarda adlarına az rast gəldiyimiz futbolçuların bu dəfəki toplanışda yer alması qaçılmaz deyil.

Monqolustan və Bolqarıstanla oyunlara kimlər çağırıla bilər? Daha doğrusu, kimlərin dəvət olunması daha real görünür?

Rza Cəfərov – “Neftçi”nin qapıçısı bu gün milliyə ən real namizəddir. Premyer Liqada sərgilədiyi oyunla fərqlənən gənc qolkiper dəfələrlə “ağ-qaralar”ı yenilgidən xilas edib. Hazırda çempionatın ən etibarlı qapıçılarındandır. Dəvət edib həyəcanı yaşatmaq, hətta şans vermək də olar.

Nəriman Axundzadə - Yeni ildə hücum planlı azərbaycanlı futbolçular arasında bəlkə də ən optimal formada olan elə odur. “Braqa”ya tarixi qolu vurması öz yerində. “90 nömrə” çempionat matçlarında susmaq bilmir. Təkcə son iki həftədə “Qəbələ”, “Neftçi” və “Zirə”nin qapıçılarını məyus etməklə bacarığını ortaya qoyub.

Mehdi Cənnətov – “Sumqayıt”ın turnir cədvəlinin ikinci pilləsində qərarlaşmasında əslən rusiyalı qapıçının rolu az deyi. Digər oyunlar öz yerində, təkcə “Səbail”lə sonuncu qarşılaşmada onun etdiklərinə nəzər salmaq bəs edir. Şahruddin və Rza ilə “üçlük” təşkil edə bilər.

Səbuhi Abdullazadə - “Sumqayıt”ın “mühərriki”dir. 26 oyunun 25-də meydana çıxan 22 yaşlı yarımmüdafiəçi yarımmüdafiə xəttinin aparıcı simalarındandır, “dağıtmağı” bacardığı kimi, yaradıcılıq işinin öhdəsindən gəlir. Bugünkü millidə Eddi, Qara, Emin kimi təcrübəlilərin arasında ona yer tapılmasa da, gələcək üçün yoxlamaq və ruhlandırmaq olar.

Rövlan Muradov – Universaldır, müdafiənin və yarımmüdafiənin cinahlarında, həmçinin, hücumun sivri ucunda oynamağı bacarır. Cari mövsümdə Samir Abasov onu müdafiənin sağında sınamasına baxmayaraq, 25 matçda 3 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib. Vaxtilə Canni de Byazinin bəyəndiyi futbolçulardan idi.

Rüfət Abdullazadə - Cari mövsümdə çox “artırıb”. 2-3 il öncə “Sumqayıt”da parlayanda, oyununu Messi üslubunda görənlərin ümidlərini puça çıxarmışdı. “Səbail”ə gələndən sonra Şahin Diniyevdən gördüyü dəstəyin sayəsində irəliyə doğru böyük addım atıb. 25 oyunda 4 qol vurub, 4 məhsuldar ötürmənin müəllifi olub.

Ehtiram Şahverdiyev – Adil Şükürovun gəlişindən sonra yüksələn qrafikl üzrə hərəkət edən “Kəpəz”in əsas simalarındandır. Hücum xəttində legionerlərin əsas söz sahibi olduğu komandanın müdafiəsi yerlilərin ümidinə qalıb ki, cinahlarda oynamaq bacarığı ilə seçilən Şahverdiyev üzdə olan addır. 25 oyunda 2 qol vurub, bir o qədər də assist edib.

Bu adları qeyd etməyimiz hər birinin mütləq milli komandada olması və əsas heyətdə yer alması anlamına gələ bilməz.

Sadəcə, cari mövsümdə Premyer Liqada fərqlənən simaları xatırladırıq ki, ən azından düşərgəyə cəlb olunub oradakı ab-havanı hiss etsinlər, yaşasınlar.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti