Azərbaycan millisinin sabiq baş məşqçisinin seçimi maraq doğurdu

17 Yanvar 00:30 Milli komanda 817
Azərbaycan millisinin sabiq baş məşqçisinin seçimi maraq doğurdu

Azərbaycan millisinin sabiq baş məşqçisi Canni De Byazinin FİFA-nın ilin ən yaxşı futbolçusuna təqdim etdiyi “The Best” mükafatı üçün seçimi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, yığmanın çalışdırıcısı qismində səs verən italiyalı mütəxəssis “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Holannı 2023-cü ilin ən yaxşısı hesab edib.

O, fransalı Kilian Mbappeni (PSJ, Fransa) ikinci, portuqaliyalı Bernardo Silvanı (“Mançester Siti”) üçüncü yerə layiq görüb.

De Byazinin fikrincə, ilin ən yaxşı məşqçisi “İnter”ə (İtaliya) rəhbərlik edən həmyerlisi Simone İnzaqidir.

İngiltərə Premyer Liqasını və UEFA Çempionlar Liqasını qazanan “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola ikinci pillədə göstərilib.

De Byazi ilk “üçlüy”ün son “sakini” qismində digər həmyerlisi olan İtaliya millisinin çalışdırıcısı Luçano Spallettinin adını yazıb.

67 yaşlı çalışdırıcının ən yaxşı qapıçı ilə bağlı seçimi də maraq doğurub. Belə ki, o, sonuncu oyununu 2023-cü ilin iyununda keçirən belçikalı Tibo Kurtuanı (“Real”, İspaniya) ilin qapıçısı adına layiq görüb.

“Mançester Yunayted”in (İngiltərə) kamerunlu qolkiperi Andre Onana ikinci, “Əl-Hilal”ın (Səudiyyə Ərəbistanı) mərakeşli dəri əlcək sahibi Yassin Bunu isə üçüncü pillədə göstərilib.

Canni De Byazi 2023-cü ilin noyabrında Azərbaycan millisindən ayrılıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"