“30 ildir hay-küy salıram ki, millini yerli məşqçi çalışdırmalıdır. Bu sözü 1994-cü ildən deyirəm”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında Canni de Byazinin gedişindən sonra Azərbaycan millisində yaranmış vəziyyət haqda danışan Ağasəlim Mircavadov deyib.
Məlum məsələdir ki, möcuzə baş verməsə, yeni çalışdırıcı azərbaycanlı olacaq.
Bəs, həmin şəxs kim olmalıdır? Hansı keyfiyyətləri daşımalıdır? İndiki halda gənc və perspektivli, yoxsa yaşlı və təcrübəli baş məşqçiyə ehtiyac var?
AFFA-nın Məşqçilər Komitəsinin üzvü olan, vaxtilə Azərbaycan yığmasını çalışdıran Mircavadov namizədlə bağlı konkret ad səsləndirməkdə çətinlik çəksə də, hansı keyfiyyətləri daşımalı olduğunu bildirib:
“Bəlkə də ağlımdan keçən adlar var. Amma bu barədə mətbuata ad çəkməyim doğru olmaz.
Digər tərəfdən, baş məşqçinin Əli, yaxud Vəli olmasının fərqi yoxdur. Əsas olan milliyə fayda verməsidir.
Şəxsi fikrimi bilmək istəyirsinizsə, mənə görə yığma komanda təcrübəli məşqçiyə tapşırılmalıdır.
Həm məşqçilik təcrübəsi zəngin olmalıdır, həm də imici yüksək olmalıdır ki, futbolçular ona hörmət etsinlər. Adi hörmət yox ha, futbol hörməti.
Bəli, gənc məşqçilər klublarda səylə çalışır, hansısa işlər görürlər. Unutmayaq ki, klubla milli arasında çox böyük fərq var”.
HƏBİB