COP29

O da çıxıb getdi, problemlər qaldı – Çıxış yolu varmı?

26 Noyabr 2023 02:00 Milli komanda 681
O da çıxıb getdi, problemlər qaldı – Çıxış yolu varmı?

İstənilən ölkənin əsas komandasının iddialı olması, qarşıya qoyulan hədəflərin öhdəsindən gəlməsi iki vacib amildən asılıdır.

Birincisi, daxili çempionat güclü, rəqabətədavamlı olmalıdır.

İkincisi, ölkə xaricində, özü də səviyyəli klublarda legioner həyatı yaşayan futbolçuların olmalıdır. Təəssüf ki, Azərbaycan Premyer Liqası hələ də arzuolunan səviyyədə deyil. “Qarabağ”ın uzun illərdir “at oynatması” çempionatın hansı durumda olduğuna bir işarədir.

Düzdür, son illərdə xarici ölkələrdə legioner həyatı yaşayan futbolçularımızın sayı çoxalıb. Sadəcə, bu, millinin böyük hədəflərə çatması üçün yetərli deyil. Ən yaxşımız Mahir Emrelidir ki, o da Xorvatiya çempionatında top qovur. Üstəlik, formasını geyindiyi Zaqreb “Dinamo”sunun əsas fiqurlarından sayılmır. Digər milli üzvləri də sıradan klubların uğurları üçün tər tökürlər. Son illər hər nə qədər istedadlı və potensiallı gənclərin üzə çıxdığını müşahidə etsək də, bunun qitə arenasında, nüfuzlu rəsmi turnirlərdə yetərli olmadığını görürük.

De Byazi getdi, Azərbaycan futbolu isə yenə ənənəvi problemlərlə baş-başadır. Dəyişən, sadəcə, illər və baş məşqçilərdir. İnkişaf və nəticə baxımından isə yerimizdə sayırıq. Aşağı yaş qrupları üzrə yığmalar (U-17, U-19, U-21) da uğursuz çıxış edir. Bu isə ölkənin əsas komandasının gələcəyi ilə bağlı həyəcan təbili çalmaq üçün daha bir tutarlı dəlildir.

İndiki halda AFFA-nın üzərinə böyük məsuliyyət düşür. Milli assosiasiya futbola baxışı, yanaşmanı dəyişməlidir. Potensialı ən yaxşı halda qrup üçüncüsü olmağa imkan verən millini əcnəbi mütəxəssislərə tapşırmaq siyasəti artıq özünü doğrultmur. Eyni nəticəni yerli məqşçilər də qazana bilər, buna onların potensialı çatar.

AFFA diqqəti və maliyyəni Azərbaycan futbolunun akademiyalaşması prosesinə daha çox yönəltməlidir. Klublar da bu işin mühüm parçası olmalıdır. Bu sahədə müəyyən addımlar atılsa da, arealı daha da genişləndirmək, futbol akademiyalarının sayını artırmaq lazımdır. Rəhbərliyi isə bu sahədə təcrübəyə malik əcnəbi funksionerlər və mütəxəssislərə tapşırmaq olar. Təbii ki, azərbaycanlı məşqçilərin onların yanında çalışmasını təmin etmək şərti ilə. Belə olan halda bu sahəyə ayrılacaq maliyyənin qarşılığını qarşıdakı illərdə görə bilərik. Çünki Azərbaycanda istedadı və potensialı olan kifayət qədər yeniyetmə var. Sadəcə, onların təməli düzgün qoyulmur və lazımi istiqamətdə inkişaf etmirlər. Buna görə də sonradan U-17, U-19, U-21 milliləri və piramidanın zirvəsində dayanan əsas yığma əziyyət çəkir. Səviyyəli futbolçu evdə, valideynlərinin əhatəsində deyil, akademiyalarda, ciddi nəzarət altında yetişir.

Hazırda millinin formasını geyinənlərdən daha güclü və səviyyəli futbolçular yetişdirməliyik. Bunu edəndən sonra isə "sükan arxasına" Avropa futbolunda sözünü deyən əcnəbiləri gətirmək mümkündür. Əks halda illər yenə boşa veriləcək, piramidanın zirvəsində dəyişən yalnız baş məşqçilər olacaq (report).

Digər Xəbərlər
Xəbər Lenti
12 Noyabr 16:40 İnfantino da gəldi - FOTO
12 Noyabr 16:30 Çək və bizə göndər!
12 Noyabr 10:40 Səni də burada görək!
12 Noyabr 08:40 "Biz bunu istəməzdik"